SİYASƏT


Həmyerlimiz, Tıva Respublikasının deputatı Azərbaycan diasporunun həyata keçirdiyi sosial aksiyalardan danışıb

Moskva, 18 aprel, AZƏRTAC

Rusiya Federasiyasının Tıva Respublikasının Azərbaycan diasporu və onun fəal üzvlərindən biri, respublika paytaxtının yerli qanunvericilik məclisinin – Xuralın (Parlament) deputatı, Tıva Karate Federasiyasının rəhbəri, yığma komandanın baş məşqçisi, tanınmış ictimai xadim Çingiz Əliyev Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin çağırışına səs verərək, aztəminatlı ailələrə dəstək kampaniyasına qoşulublar.

AZƏRTAC xəbər verir ki, Azərbaycan diasporu Tıva Respublikasında keçirilən “Xeyirxahlıq piştaxtası” və “Xeyirxahlıq arabası” kimi sosial əhəmiyyətli aksiyalara, müxtəlif könüllülük layihələrinə və ünvanlı yardımlara qoşulub. Çingiz Əliyev, öz növbəsində, daha əvvəl “Xeyirxahlıq arabası” Ümumrusiya xeyriyyə aksiyasının həyata keçirilməsində iştirak edib.

Azərbaycan diasporunun gücü hesabına ərzaq və ilkin zəruri ləvazimatlar alınaraq ehtiyacı olan 100 ailəyə paylanılıb. İndi bu təşəbbüslərə getdikcə daha çox insan maraq göstərərək qoşulur.

Çingiz Əliyev AZƏRTAC-ın müxbiri ilə söhbətində Azərbaycan diasporunun təşəbbüsündən danışaraq deyib: “İlk növbədə, demək istəyirəm ki, Tıvanın hüdudlarından kənarda, xüsusən bizim tarixi Vətənimizdə - Azərbaycanda fəaliyyətimiz barədə eşitmək çox xoşdur. Ümidvaram ki, bu, bir çoxlarını daha böyük addımlar atmağa ruhlandıracaq, onlara özlərini tənha hiss etdirməmək imkanı yaradacaq”.

Həmyerlimiz Kızıl şəhərinin bəzi iri mağazalarında “Xeyirxahlıq piştaxtaları”nın mövcud olduğunu qeyd edib. Arzu edən hər kəs bu piştaxtalara müxtəlif ərzaqlar, digər məhsullar qoya bilər ki, ehtiyacı olanlar sonradan götürə bilsinlər. “Mən bu ideyanı inkişaf etdirərək onu bacardıqca daha çox insana çatdırmağı qərara aldım. Beləcə video yarandı, sonradan estafet mənim dostlarıma, həmkarlarıma, bu işə marağı olanlara verildi. Bu təşəbbüsə daha çox insan qoşuldu və onunla nəticələndi ki, “Xeyirxahlıq piştaxtası” və “Xeyirxahlıq arabası” aksiyaları daha geniş vüsət aldı”, - deyə o bildirib.

Ç.Əliyev bu aksiyada Tıva Respublikasının Azərbaycan diasporunun fəal iştirakını xüsusi vurğulayıb. O deyib: “Fərəhlidir ki, diaspor rəhbərləri – Veysəl Əkbərov və Yaqub Kərimov bu məsələyə tam ciddiliyi ilə yanaşdılar, ətrafımızda yaşayan insanlara daim kömək etməyin vacib olduğunu qeyd etdilər. Diasporun gücü hesabına ərzaq və ilkin zəruri ləvazimatlar alınaraq ehtiyacı olan 100 ailəyə paylanılıb. Deyə bilərəm ki, bu, yalnız başlanğıcdır. Biz çətin vəziyyətə düşən insanlara bundan sonra da yardım etmək niyyətindəyik. Diasporun səylərinin layiqincə qiymətləndirilməsi ürəkaçandır. Bu ərəfədə Tıva Respublikası Ali Xuralının (Parlament) deputatı Yuri Kara-ool köməyə görə bizə təşəkkürünü bildirdi. O qeyd etdi ki, bu, həm maddi, həm də mənəvi dəstəkdir, axı biz insanların əhval-ruhiyyəsini yaxşılaşdırırıq. Yuri Valeryeviç diasporun fəaliyyəti ilə yaxşı tanışdır. Biz dəfələrlə Tıva Respublikasının millətlərin işləri üzrə Agentliyinin iclasları çərçivəsində görüşmüşük. O deyir ki, belə vəziyyətdə Azərbaycan diasporunun kənarda qalmayacağına şübhə etmirdi”.

Ç.Əliyev daha sonra deyib: “Niyə mən diasporların aksiyalarda iştirakına diqqəti çəkirəm? Çünki mən özüm diasporun üzvüyəm və qəti şəkildə deyə bilərəm ki, insanlarımızla fəxr edirəm. İndi, dünyanın sanki barıt çəlləyinin üstündə olduğu bir vaxtda, xeyirxahlıq və dostluq toxumları səpmək çox vacibdir. Diasporların amalı məhz budur. Rusiya kimi çoxmillətli ölkədə bu, xüsusilə vacibdir. Bizim göstərdiyimiz köməklik, sözsüz ki, az deyil, lakin bu, daha çox olmalıdır və biz bunun üzərində işləyirik. Əminəm ki, Rusiyanın digər şəhərlərində də həmvətənlərimiz ehtiyacı olanlara təmənnasız kömək edirlər. Elə-belə, qəlbini səsi ilə. Əlbəttə, çünki məsuliyyət hiss edərək kənarda qala bilmirlər”.

Ç.Əliyevin fikrincə, bu, Rusiya ilə Azərbaycan arasında sıx əlaqələri bir daha nəzərə çatdırır. “Biz əsrlərboyu qurduğumuz əlaqələri və qarşılıqlı hörməti bundan sonra da davam etdirəcəyik. İstiqamət çox sadədir – biz bəlanın qarşısında bərabər olmalıyıq, diasporda məndən yaşca böyük yoldaşlarımın dediyi kimi, yanaşı yaşadığımız insanlara daim kömək göstərməliyik. Bilirəm ki, Azərbaycanda bir çoxları, o cümlədən Milli Məclisin deputatları ehtiyacı olanlara kömək edirlər. Mən bunu daim sosial şəbəkələrdə müşahidə edirəm. Lakin fürsətdən istifadə edib, xeyriyyə estafetini bu təşəbbüsə hələ qoşulmayan ölkə vətəndaşlarına ötürmək istəyirəm. Sizə yaxın adamlara xeyirxahlıq edin və görəcəksiniz ki, dünya azca da olsa, yaxşılaşacaq”, - deyə Çingiz Əliyev sonda vurğulayıb.

Fəridə Abdullayeva

AZƏRTAC-ın xüsusi müxbiri

Moskva

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.