İQTİSADİYYAT
Hesablama Palatasının “Uyğunluq auditinə dair Təlimatı” təsdiqlənib
Bakı, 18 fevral, AZƏRTAC
Azərbaycan Respublikası Hesablama Palatasının növbəti kollegiya iclası keçirilib.
Palatadan AZƏRTAC-a bildirilib ki, iclasda Milli Elmlər Akademiyasının İşlər İdarəsinə ayrılan büdcə vəsaitlərinin icrasına, Diasporla İş üzrə Dövlət Komitəsinə ayrılan vəsaitlərin istifadəsinə, Vergilər Nazirliyinin 5 saylı Ərazi Vergilər İdarəsində vergi qanunvericiliyinə riayət edilməsi və inzibatçılığın təşkili vəziyyətinə dair həyata keçirilən nəzarət tədbirləri üzrə Auditor Hesabatları müzakirə olunub. Kollegiya iclasında hər bir nəzarət tədbiri üzrə auditor hesabatı barədə müvafiq qərar qəbul edilib. Nəzarət tədbirinin nəticələri üzrə qərarın icrasını təmin etmək məqsədilə aidiyyəti qurumlara kollegiya qərarının göndərilməsi və Milli Məclisə müvafiq məlumatın təqdim olunması qərara alınıb.
İclasda, həmçinin iş planı ilə nəzərdə tutulmuş kənar dövlət maliyyə nəzarəti tədbiri ilə bağlı proqram müzakirə olunaraq təsdiq edilib. Kollegiya iclasında, eyni zamanda, Hesablama Palatasının nəzarət fəaliyyətini gücləndirilməsi məqsədilə bu fəaliyyətin metodoloji əsasların təkmilləşdirilməsi istiqamətində hazırlanan “Uyğunluq auditinə dair Təlimatı”nın müzakirəsi keçirilib. “Uyğunluq auditinə dair Təlimatı” “Hesablama Palatası haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə əsasən, Ali Audit Qurumlarının Beynəlxalq Təşkilatı (INTOSAI) tərəfindən dərc edilmiş Ali Audit Qurumlarının Beynəlxalq Standartları (ISSAI) 1(Lima Bəyannaməsi), 130 (Etika Məcəlləsi), 100 (Dövlət sektorunda auditin təməl prinsipləri), 400 (Uyğunluq auditinin təməl prinsipləri), 4000 (Uyğunluq auditi standartı) və Beynəlxalq Audit Standartların ümumi prinsiplərinə uyğun hazırlanıb. Təlimat qanunvericiliklə Hesablama Palatasına həvalə edilmiş vəzifə və hüquqlar daxilində Azərbaycanda kənar dövlət maliyyə nəzarəti üzrə uyğunluq auditinin təşkili və keçirilməsini tənzimləyir, palata tərəfindən aparılan uyğunluq auditinin planlaşdırılması, aparılması və yekun sənədlərin tərtibi üzrə vahid tələbləri müəyyən edir. “Uyğunluq auditinə dair Təlimatı” geniş müzakirə olunaraq təsdiq edilib.