CƏMİYYƏT
Həssas qruplardan olan uşaqlar hər cür qayğı ilə əhatə olunublar
Bakı, 19 noyabr, AZƏRTAC
BMT-nin Uşaq hüquqları Konvensiyasının 30 illiyinə və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən həssas qruplardan olan uşaqlara göstərilən xidmətlərə həsr edilmiş “Uşaq hüquqları konvensiyası və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin xidmətləri” mövzusunda tədbir keçirilib.
Nazirliyin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, “Gələcəyə qayğı”, “Ailə dünyası”, “Könül evi” və “Mərhəmət” İctimai birlikləri tərəfindən təşkil edilən tədbirdə hökumət və qeyri-hökumət qurumlarından, UNİCEF-in Azərbaycan nümayəndəliyindən, ayrı-ayrı şirkətlərdən olan nümayəndələr, millət vəkilləri və başqaları iştirak ediblər.
Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini Anar Kərimov Prezident İlham Əliyevin sosial inkişaf strategiyasında uşaqların etibarlı sosial təminat sistemi ilə əhatə olunmasının mühüm prioritetlərdən olduğunu, Azərbaycanda dövlətin uşaqlarla bağlı siyasətinin BMT-nin “Uşaq hüquqları Konvensiyası”ndan irəli gələn yanaşmalara uyğun qurulduğunu vurğulayıb. O, ölkəmizdə müvafiq kateqoriyalardan olan 600 minədək uşağın müxtəlif sosial ödənişlərlə təmin edildiyini və həmin ödənişlərin məbləğinin bu il də əhəmiyyətli şəkildə artırıldığını bildirib. Nazir müavini həssas qruplardan olan uşaqların sosial xidmətlərlə təminatı sahəsində aparılan işləri, dövlət başçısının 2019-cu il iyunun 1-də verdiyi Sərəncamının icrası olaraq nazirliyin sosial sifarişləri üzrə yaradılan sosial xidmət mərkəzlərinin 3,5 dəfədən çox artdığını diqqətə çatdırıb.
Tədbirdə ayrı-ayrı hökumət və qeyri-hökumət qurumlarından nümayəndələr çıxış edib. BMT-nin Uşaq hüquqları Konvensiyasının Azərbaycanda uğurlu icrasından, ölkəmizdə həssas qruplardan olan uşaqlara göstərilən qayğıdan bəhs olunub. Günərzi və İcma Əsaslı Sosial Reabilitasiya Mərkəzlərinə cəlb olunan uşaqların ifasında mahnı və şerlər səslənib, rəqslər ifa olunub.
Tədbirdə təşkilatçı QHT-lər uşaq hüquqlarının müdafiəsi və həssas qruplardan olan uşaqlara qayğı göstərilməsi sahəsində xidmətlərinə görə ayrı-ayrı şəxslərə təşəkkürnamələr təqdim ediblər.