REGİONLAR
“Heydər Əliyev Kuboku” uğrunda peyntbol birinciliyində 16 komanda iştirak edib
Naxçıvan, 18 may, AZƏRTAC
Naxçıvan Atıcılıq Mərkəzində ümummilli lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünə həsr olunmuş peyntbol üzrə muxtar respublika açıq birinciliyi keçirilib. Muxtar respublikanın Gənclər və İdman Nazirliyi ilə Naxçıvan Atıcılıq Federasiyasının birgə təşkil etdiyi birincilikdə 16 komanda iştirak edib.
Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, olimpiya sisteminə əsasən qalibin müəyyənləşdiyi yarışda “Naxçıvan” Universitetinin və Heydər Əliyev adına Hərbi Liseyin komandaları finalda rəqib olub. Həlledici oyunu üstünlüklə tamamlayan tələbələr uğur qazanıblar. Hərbi liseyi və Naxçıvan şəhərini təmsil edən komandalar müvafiq olaraq 2-ci, 3-cü sıralarda qərarlaşıblar.
Atıcılıq Mərkəzində keçirilən mükafatlandırma mərasimində Naxçıvan Muxtar Respublikasının gənclər və idman naziri Ramil Hacı, federasiya sədri Səhət Həbibbəyli çıxış edərək ümummilli lider Heydər Əliyevin ölkə idmanının inkişafı yolundakı əvəzsiz xidmətlərindən bəhs edib, dahi şəxsiyyətin idmançılara daim himayədarlıqla, qayğı ilə yanaşdığını diqqətə çatdırıblar. Bildirilib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla həyata keçirilən dövlət idman siyasəti nəticəsində ölkəmizdə və onun Naxçıvan Muxtar Respublikasında müasir idman mühiti yaradılıb. İllər ötdükcə yenilənən və müasirləşən idman infrastrukturu sayəsində əhalinin, xüsusən də, gənc nəslin bu sahəyə cəlbi diqqətdə saxlanılır, istedadlı idmançıların ölkə və beynəlxalq miqyaslı yarışlarda iştirakı təmin edilir.
Vurğulanıb ki, müzəffər Azərbaycan Ordusunun 44 günlük Vətən müharibəsində nümayiş etdirdiyi yüksək peşəkarlıq, rəşadət, döyüş ruhu gənclərdə bu tipli idman növlərinə marağı artırıb. Çıxış edənlər muxtar respublikada gənclərin hərtərəfli inkişafına və idmana göstərilən qayğıya görə Ali Məclis Sədrinə minnətdarlıqlarını ifadə ediblər.
İlk üçlükdə qərarlaşan komandalar diplom, kubok və hədiyyələrlə təltif ediliblər. Mükafatçılara ödənişsiz peyntbol oyunu üçün kupon da hədiyyə edilib.