DÜNYA
Hindistanda daşqınlar nəticəsində 24 nəfər ölüb, çox sayda insan itkin düşüb
Bakı, 18 oktyabr, AZƏRTAC
Hindistanın cənub-qərbində yerləşən Kerala ştatında daşqınlar və leysan yağışları nəticəsində azı 24 nəfər həlak olub.
AZƏRTAC “Hindustan Times” nəşrinə istinadla xəbər verir ki, hazırda təbii fəlakət zonasında axtarış-xilasetmə işləri davam edir.
Yerli hakimiyyət orqanları həlak olanların sayının artmasından ehtiyatlanır. Belə ki, itkin düşmüş çox sayda insanın taleyindən xəbər yoxdur. Təbii fəlakətdən zərər çəkən rayonlara yardım çatdırılması üçün hərbi helikopterlərdən istifadə olunur.
Kerala ştatının əsas naziri Pinarayi Vicayanın sözlərinə görə, yüzlərlə insan təhlükəli zonalardan təxliyə edilib, təcili yardım göstərilməsi üçün ştat ərazisində yüzdən çox düşərgə qurulub. Ölkənin Meteorologiya Departamenti oktyabrın 18-də ştatın 11 dairəsində potensial təhlükədən xəbər verən “sarı” təhlükə səviyyəsi elan edib.
Xatırladaq ki, 2018-ci ildə Kerala ştatında baş verən daşqınlar nəticəsində 400 nəfərə yaxın insan həlak olmuşdu.