REGİONLAR
II Beynəlxalq Quba Simpoziumunda Azərbaycan, Türkiyə və Rusiyadan 50-dək alim və tədqiqatçı iştirak edir
Quba, 10 sentyabr, Elxan Yusifli, AZƏRTAC
Qubada “XX əsr türk-müsəlman soyqırımları. Bakının Qafqaz İslam Ordusu tərəfindən qurtuluşundan Qarabağ Zəfərinə doğru Azərbaycan-Türkiyə münasibətləri” adlı elmi simpozium öz işinə başlayıb.
Tədbir Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması İnkişafı və Bərpası üzrə Dövlət Xidməti, Quba Soyqırımı Memorial Kompleksi və Azərbaycan Pedaqoji Universitetinin “Ümumi tarix və tarixin tədrisi texnologiyası kafedrasının birgə təşkilatçılığı ilə keçirilir.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, iki gün davam edəcək II Beynəlxalq Quba Simpoziumuna Azərbaycan, Türkiyə və Rusiyadan 50-dək alim və tədqiqatçı qatılıb.
Simpozium iştirakçıları əvvəlcə Quba Soyqırımı Memorial Kompleksində soyqırımı qurbanlarının xatirəsinə ucaldılan abidənin önünə tər çiçəklər qoyaraq, faciə qurbanlarının xatirəsini ehtiramla yad ediblər.
Bundan sonra kompleksin muzeyində plenar iclas başlayıb.
Quba Soyqırımı Memorial Kompleksinin direktoru, tarix üzrə fəlsəfə doktoru Rəxşəndə Bayramova bildirib ki, simpoziumun əsas məqsədi regionda elm və tarixin inkişafına dəstək olmaq, XX əsr soyqırımı həqiqətlərini bir daha araşdırmaq, Azərbaycan Xalq Cümhuriyyəti və Türkiyə-Azərbaycan dostluğunun tarixini, 44 günlük Vətən müharibəsində əldə etdiyimiz tarixi Zəfərimizi dünya ictimaiyyətinə çatdırmaq və bu sahədə araşdırma aparan alim və tədqiqatçıları bir araya gətirməkdir.
Sonra ADPU-nun kafedra müdiri, tarix elmləri doktoru Sevinc Əliyeva, Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəisi Azad Cəfərli, Quba Rayon İcra Hakimiyyətinin başçısı Ziyəddin Əliyev, ADPU-nun rektoru, tarix elmləri doktoru, professor Cəfər Cəfərov, Altınbaş Universitetinin rektoru, professor Çağrı Erhan, Türkiyə Respublikası Nazirlər Kabineti yanında Dövlət Arxivləri Baş İdarəsinin rəisi Uğur Ünal, Rusiyanın Tarix, İqtisadiyyat və Hüquq Elmi-Tədqiqat İnstitutunun prezidenti, professor İqor Turisin çıxış ediblər.
Simpozium alim və tədqiqatçıların məruzələri ilə davam etdirilib.
Tədbir iştirakçıları Quba rayonunun görməli yerləri ilə də tanış olacaqlar.