DÜNYA
İNDONEZİYADA QANLI CİNAYƏT
İndoneziyanın Bali kurort adasında oktyabrın 12-də axşam dəhşətli terror aktı törədilmişdir.
Partlayışlar Qərb turistləri arasında xüsusilə məşhur olan rayonlarda, demək olar, eyni vaxtda baş vermişdir. İTAR-TASS xəbər vermişdir ki, ölənlərin cəsədlərini və yaralıları qəbul edən xəstəxanaların məlumatına görə, Balinin turizm mərkəzi olan Kuta şəhərindəki diskotekada partayışın qurbanlarının sayı 187 nəfərə çatmışdır. 300-dək yaralanan var. Xəsarət alanlar, əsasən, Avstraliyadan, habelə bəzi digər ölkələrdən olan turistlərdir. Onların çoxu ağır vəziyyətdədir.
Xəstəxanalar işin öhdəsindən çətinliklə gəlirlər, belə ki, İndoneziyanın kurort “inci”sindəki turizm obyektləri əvvəllər heç vaxt terrorçuların bu cür dəhşətli miqyasda hədəfi olmayıbdır. Partlayışlardan sonra Avstraliya hərbi hava qüvvələrinin təyyarələri bütün gecə yaralıları adadan Avstraliyanın qərb sahilindəki Darvin şəhərinə daşımışdır. Avstraliyanın “Kuontas” aviaşirkəti regiondakı uçuşlarının cədvəlini dəyişdirmiş və təhlükəli vəziyyət yaranmış kurortu təcili tərk etməyi qərara alan turistləri Balidən daşıyıb aparır.
Baliyə terror hücumu ABŞ-ın bu adadakı konsulluqlarının və Filippinin Manadodakı (Şimali Sulavesi əyalətinin inzibati mərkəzi) baş konsulluğunun binaları qarşısında partlayşlarla bir vaxtda həyata keçirilmişdir. Cakartadakı müşahidəçilərin fikrincə, İndoneziyadakı terror əməlləri Cənub-Şərqi Asiya regionunda strateji vəziyyəti dəyişdirir və ola bilsin, “Əl-Qaidə” şəbəkəsi ilə bağlı olan yerli islamçıların real təhlükəsi barədə danışmağa vadar edir. Adaya gələn İndoneziya Prezidenti xanım Meqavati Sukarnoputri bu qəddar əməlləri pisləmiş və terrorçuların tapılacağını vəd etmişdir.
Terrorizm üzrə aparıcı beynəlxalq ekspert, “Əl-Qaidənin daxilində” kitabının müəllifi Roxan Qunaratna qəti olaraq belə bu fikirdədir ki, adadakı partlayışlara görə məhz bu təşkilat və onun Cənub-Şərqi Asiyadakı “Camaati İslamiyyə” filialı məsuliyyət daşıyırlar. O, Sidney televiziyasına verdiyi müsahibədə əmin olduğunu bildirmişdir ki, kurortda törədilən terror əməlləri yaxşı planlaşdırılmışdır və Qərb, ilk növbədə Avstraliya turistlərinə qarşı yönəldilmişdir.
Qunaratnanın fikrincə, Asiya-Sakit okean regionunda terrorçu özəklərin geniş şaxəli şəbəkəsi yaradılmışdır. Onların fəaliyyəti “Əl-Qaidə” tərəfindən əlaqələndirilir və maliyyələşdirilir. Ekspert bu yaxınlarda etdiyi xəbərdarlığı təkrarlayaraq demişdir ki, Avstraliya birinci növbəli obyektlərdən biri kimi seçilmişdir, çünki o, ABŞ-ın Yaxın Şərq siyasətini dəstəkləyir. Ona görə də Kanberra bu gizli şəbəkənin aşkara çıxarılıb zərərsizləşdirilməsi üçün regionun digər ölkələri ilə birlikdə təxirəsalınmaz tədbirlər həyata keçirməlidir.