MƏDƏNİYYƏT
İdris Cəzairi: Azərbaycan dinlərarası dialoqun və mədəniyyətlərarası əməkdaşlığın carçısıdır
Bakı, 4 may, AZƏRTAC
Azərbaycanda qlobal forumların keçirilməsi artıq ənənə halını alıb. Bu gün ölkəniz dünyada dinlərarası dialoqun və mədəniyyətlərarası əməkdaşlığın carçısı kimi çıxış edir. Biz Azərbaycan hökuməti üçün də prioritet istiqamətlərdən biri olan bu fəaliyyətə dəstək vermək üçün builki Forumda iştirak etməkdən çox məmnunluq duyuruq.
AZƏRTAC xəbər verir ki, bu fikirləri Beşinci Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində “Bərabər vətəndaşlıq hüquqlarının dəstəklənməsi üçün daha böyük mənəvi yaxınlaşma istiqamətində irəliləyək” mövzusunda keçirilmiş sessiyanın moderatoru İnsan Hüquqlarının İnkişafı və Qlobal Dialoq üzrə Cenevrə Mərkəzinin icraçı direktoru İdris Cəzairi səsləndirib.
İdris Cəzairi bildirib ki, bu sessiya ötən il Cenevrədə keçirilmiş “Bərabər vətəndaşlıq hüquqlarının və qlobal dialoqun möhkəmləndirilməsi” mövzusunda beynəlxalq konfransın davamı olaraq təşkil olunub. O, sessiya iştirakçılarının ötənilki konfransda qəbul edilmiş bəyannamə ilə bağlı müzakirələr apararaq onun Qoşulmama Hərəkatı iştirakçılarının da dəstəyini qazanacağına və BMT-nin Baş Assambleyasının növbəti iclasında təqdim etməyə müvəffəq olacaqlarına ümidvar olduğunu qeyd edib. İ.Cəzairi Azərbaycanın 2019-cu ildən başlayaraq Qoşulmama Hərəkatına sədrlik etməsinin bu prosesə təkan verəcəyini vurğulayıb.