MƏDƏNİYYƏT
İki böyük şairin xatirəsinə həsr edilmiş müsabiqə
Bakı, 19 may, Aynur İsmayılova, AZƏRTAC
Mayın 19-da Səməd Vurğunun ev-muzeyində Beynəlxalq Muzeylər Gününə həsr edilmiş tədbirdə Xalq şairləri Səməd Vurğun və Vaqif Səmədoğlunun xatirəsi anılıb.
AZƏRTAC xəbər verir ki, muzeyin direktoru Nüşabə Vəkilova çıxış edərək bu böyük şairlərin istedadlı gənclərə qayğı ilə yanaşmasından söhbət açıb. O deyib: “Tədbirə əsasən “Aytam” Uşaqların Mədəni Maariflənməsi İctimai Birliyini təmsil edən uşaqları dəvət etmişik. Səməd Vurğun və Vaqif Səmədoğlu uşaqları çox sevir, hər zaman onları dəstəkləyirdilər. Məhz bu səbəbdən də uşaqlar arasında bədii qiraət müsabiqəsi keçirməyi qərara aldıq”.
Müsabiqənin münsiflər heyətində ev-muzeyinin direktoru Nüşabə Vəkilova, şöbə müdiri Xanım Şadlinskaya, şair Zərəngiz Dəmirçi Qayalı, Bakı Slavyan Universitetinin müəllimi Aliyə Səmədova, AMEA-nın Nizami adına Ədəbiyyat İnstitutunun əməkdaşı Tutuxanım Məmmədova təmsil olunub.
Tədbirdə uşaqlar Səməd Vurğundan və Vaqif Səmədoğludan şeirlər söyləyib, sazda aşıq mahnısı ifa ediblər.
Sonda qaliblər mükafatlandırılıb.