ELM VƏ TƏHSİL
İlahiyyat İnstitutunda seminar: Bioetika və din
Bakı, 27 fevral, AZƏRTAC
Azərbaycan İlahiyyat İnstitutunda (Aİİ) Qafqaz Müsəlmanları İdarəsi (QMİ) sədrinin müavini Qəmər Cavadlının təqdimatında “Bioetika və din” mövzusunda seminar təşkil olunub.
Aİİ-dən AZƏRTAC-a bildirilib ki, seminarda çıxış edən rektor Ceyhun Məmmədov mövzu barədə fikirlərini bölüşüb. O qeyd edib ki, Qəmər Cavadlının bu mövzuda qələmə aldığı “İslam və bioetika” kitabı xüsusi əhəmiyyət kəsb edir. Müəllifin geniş araşdırmaları sayəsində ərsəyə gələn elmi əsərdə dinin bioetika problemlərinə münasibəti tarixi, fəlsəfi və ictimai aspektlərdən tədqiq olunur.
Ceyhun Məmmədov vurğulayıb ki, belə tədbirlərin keçirilməsi gənclərimizin maariflənməsi və biliklərinin artırılması baxımından xüsusi önəm daşıyır.
Qəmər Cavadlı “Bioetika və din” mövzusunda ətraflı çıxış edib. Bildirib ki, bioetikaya maraq hər şeydən əvvəl müasir cəmiyyətdə yeni texnologiyaların və tibbi vasitələrin insanlar üzərində sınaqdan keçirilməsinə yönələn qlobal ictimai marağın göstəricisidir. Bioetika fəlsəfi fikrin yeni başlanğıc nöqtəsini təşkil edir. Onun formalaşması və inkişafı ümumilikdə ənənəvi etika və tibbi etikanın transformasiyası ilə bağlıdır.
Sədr müavini bioetikaya olan marağın ciddi hüquqi və mənəvi tənzimlənmə tələb edən bir sıra problemləri gündəmə gətirdiyini, eləcə də dini dünyagörüşü və milli-mənəvi mentaliteti özündə ehtiva etdiyini, müxtəlif dinlərdə bu məsələyə fərqli baxışlar olduğunu bildirib.
Qəmər Cavadlı məruzəsində qloballaşan dünyada elm və din arasında tarazlığın yaradılması, tibbi-bioloji nailiyyətlərin fövqündə dini mentalitetin və əxlaqın qorunub saxlanılması problemlərinə də münasibət bildirib.
Seminar mövzu ətrafında müzakirələrlə davam edib.