ELM VƏ TƏHSİL
İlahiyyat İnstitutunun tələbələri 13-cü Beynəlxalq Təhsil Sərgisində
Bakı, 11 oktyabr, AZƏRTAC
Azərbaycan İlahiyyat İnstitutunun (Aİİ) tələbələri Bakı Ekspo Mərkəzində keçirilən XIII Beynəlxalq Təhsil Sərgisini ziyarət ediblər.
İnstitutdan AZƏRTAC-a bildirilib ki, gənclər sərgidə İlahiyyat İnstitutunun və digər ali təhsil müəssisələrinin stendlərinə baş çəkib, təqdim olunan yeniliklərlə yaxından tanış olub, həmçinin xarici universitetlərin nümayəndələri ilə əlaqə quraraq, təhsil barədə ətraflı məlumatlar əldə ediblər.
XIII Beynəlxalq Təhsil Sərgisi gənclər, təhsil müəssisələri və şirkətlər arasında ünsiyyət üçün mühüm platformadır və yeni imkanlar yaratmaqla yanaşı, həm də maraqlı və perspektiv layihələri gündəmə gətirir.
Xatırladaq ki, Azərbaycan İlahiyyat İnstitutu XIII Beynəlxalq Təhsil Sərgisində debüt edir. Azərbaycan İlahiyyat İnstitutunun 13-cü Beynəlxalq Təhsil Sərgisində iştirakının məqsədi yerli və xarici ölkə universitetləri ilə təhsil və elm sahəsində qarşılıqlı münasibət, uzunmüddətli əməkdaşlıq, tədris prosesindəki təcrübələrlə əyani şəkildə tanış olmaq, bu sahə üzrə mövcud yenilikləri öyrənmək, mədəni əlaqələr qurmaqdır.
Ziyarətçilər sərgidə ali təhsil müəssisəsində ixtisaslar, təqaüd proqramları, ödənişsiz təhsil imkanları, institutun beynəlxalq əlaqələri, xarici universitetlərlə bağlanılmış müqavilələr, müəssisədə keçirilən tədbirlər, konfranslar, həmçinin əldə olunan nailiyyətlər haqqında geniş məlumat ala bilərlər. Habelə onlar institutun fəaliyyətini əks etdirən Azərbaycan, rus, ingilis və ərəb dillərində kataloq, broşür və bukletlərlə, “Din araşdırmaları” jurnalı, “İlahiyyatçı” qəzeti, “İlahiyyat” jurnalı, konfrans materialları və “İlahiyyat nəşrləri” layihəsinə əsasən ali təhsil müəssisəsi müəllimlərinin çap edilmiş kitabları ilə tanış ola bilərlər.