CƏMİYYƏT
İlin birinci yarımilində ünvanlı sosial yardımlar üçün ötən ilin müvafiq dövrünə nisbətən 62 faiz çox vəsait xərclənib
Bakı, 11 iyul, AZƏRTAC
Prezident İlham Əliyevin tapşırığına əsasən, ünvanlı dövlət sosial yardımı proqramının əhatə dairəsinin genişləndirilməsi nəticəsində büdcədən bu sahəyə yönəldilən vəsaitlər də artırılır. Belə ki, 2019-cu ilin müvafiq dövrünə nisbətən, bu ilin ilk yarımilində ünvanlı dövlət sosial yardımların ödənişi üçün 62 faiz və ya 40,4 mln. manat çox olmaqla, 105 milyon manata yaxın vəsait xərclənib.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, son aylarda həmin yardımı alan ailələrin sayı 14 mindən çox artıb və hazırda onların ümumi sayı 85 minə (350 mindən çox ailə üzvü) yaxındır. Hər ailəyə düşən ünvanlı yardımın orta aylıq məbləği də artmaqda davam edərək 225 manatı ötüb.
Ünvanlı dövlət sosial yardımın təyin olunma müddəti xüsusi karantin rejimi dövründə bitən ailələrə bu yardımın verilməsi davam etdirilir.