REGİONLAR


İmadəddin Nəsiminin 650 illik yubileyi münasibətilə Qubada 5 mindən çox ağac əkiləcək FOTO VİDEO

Quba, 8 noyabr, Elxan Yusifli, AZƏRTAC 

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın mütəfəkkir şair İmadəddin Nəsiminin 650 illik yubileyi münasibətilə respublikamızda bir gündə 650 min ağacın əkilməsi təşəbbüsünə qubalılar böyük coşqu ilə qoşulub və rayonda ciddi hazırlıq işləri görülür. Kampaniya çərçivəsində rayon ərazisində bir gündə 5 mindən çox ağac tinginin əkilməsi nəzərdə tutulub.

Quba Rayon İcra Hakimiyyəti başçısının müavini Allahverdi Xudaverdiyev AZƏRTAC-ın bölgə müxbirinə müsahibəsində bildirib ki, bu genişmiqyaslı kampaniya Azərbaycan şairi İmaməddin Nəsiminin xatirəsinin əbədiləşdirilməsi və təbliği ilə yanaşı, həm də ekoloji mühitin qorunması baxımından olduqca əhəmiyyətlidir. Bu nəcib təşəbbüslə əlaqədar rayonda qərargah yaradılıb, tədbirlər planı təsdiq edilib və ağac əkiləcək yerlər müəyyənləşdirilərək hazırlıq işlərinə başlanılıb. Rayonda 26 inzibati ərazi dairəsi üzrə 5 min 50 ağac tinginin əkilməsi planlaşdırılıb. Ağacların əkiləcəyi ərazilərdə artıq şum aparılıb, arxlar çəkilib, çalalar qazılıb və sahələr gübrə verilərək əkinə hazırlanıb.

Rayon sakini Tahirmirzə Məmmədov AZƏRTAC-ın bölgə müxbirinə müsahibəsində bu kampaniyaya böyük həvəslə qoşulduğunu bildirib. “Hər yerdə yaşıllıqların salınmasına böyük ehtiyac var. Biz qubalılar bu xeyirxah təşəbbüsü rəğbətlə qarşılayırıq. Artıq ağac əkilməsi üçün çalalar hazırdır. Münbit yerdə əkiləcək bu ağaclar rayonumuzun gözəlləşməsinə, eyni zamanda, ekologiyasına da öz töhfəsini verəcək”, - deyə T.Məmmədov söyləyib.

Hazırlıq işlərinin fəal iştirakçısı olan rayon sakini Azər Mirzəyev təşəbbüsün uğurla həyata keçməsi üçün hamının səylə çalışdığını bildirib: “Hər kəs hazırlıq işlərində fəallıq göstərir. Hər bir rayon sakini kimi mən də bu təşəbbüsə könüllü və həvəslə qoşulmuşam. Bu nəcib təşəbbüsə görə Mehriban xanım Əliyevaya təşəkkür edirəm”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.