MƏDƏNİYYƏT
İmişlidə Zəlimxan Yaqubun “Əbədiyyət dastanı” poemasının audio versiyasının təqdimatı olmuşdur
Bakı, 27 sentyabr (AZƏRTAC). İmişli rayon mədəniyyət sarayında Azərbaycan Aşıqlar Birliyinin sədri, Xalq Şairi Zəlimxan Yaqubun ulu öndər Heydər Əliyevə həsr olunmuş “Əbədiyyət dastanı” poemasının audio versiyasının təqdimatı keçirilmişdir.
Poema iki hissə - “Böyük ömrün dastanı” və “Böyük ömrün davamı”ndan ibarətdir. Poemada ulu öndərin ömrünün sovet dövründəki və müstəqilliyimizin bərpasından sonra xalqın təkidli tələbi ilə ikinci dəfə hakimiyyətə qayıtdıqdan sonrakı mərhələləri əksini tapmışdır.
AZƏRTAC xəbər verir ki, tədbirdə rayon ictimaiyyətinin nümayəndələri, tanınmış ziyalılar və KİV təmsilçiləri iştirak etmişlər.
Audiodisk “Mədəni İnkişaf Mərkəzi” İctimai Birliyinin Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maddi yardımı ilə reallaşdırdığı “Klassik və ədəbi nümunələrin audio formatda hazırlanması” layihəsi çərçivəsində işıq üzü görmüşdür.
Audiodiskdə Qara Qarayevin, Arif Məlikovun və digər məşhur bəstəkarların 28 musiqi əsəri yer almışdır. Poemanı Zəlimxan Yaqub özü ifa etmişdir.
Çıxış edənlər təqdimatı keçirilən diskin böyük əhəmiyyətindən danışmışlar. Bildirilmişdir ki, Heydər Əliyevə məxsus müdrik kəlamlar, təntənəli dövlət himninin ifa olunması, ulu öndərin andiçmə mərasiminin diskə daxil edilməsi gələcək nəsillər üçün dəyərli hədiyyədir.