REGİONLAR
İmişlili pambıqçılar indiyədək sahələrdən 19 min tondan çox məhsul toplayıblar
İmişli, 25 noyabr, Mahir Babayev, AZƏRTAC
Bu mövsüm imişlili pambıqçılar 7 min 492 hektar sahədə pambıq yetişdiriblər. Yığıma mütəşəkkil başlayan fermerlər indiyədək sahələrdən 19 min 422 ton məhsul toplayaraq qəbul məntəqələrinə göndəriblər ki, bu da ötən il rayonda tədarük olunan pambıqdan 650 ton çoxdur.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, məhsul istehsalçıları yetişdirdikləri pambığı itkisiz toplamaq üçün bütün qüvvələrini səfərbər ediblər.
Rayon pambıqçıları ötən illərdən fərqli olaraq bu mövsüm məhsulun maşınlarla yığılmasına üstünlük veriblər. Hazırda plantasiyalarda “Aqrolizinq” ASC-nin ölkəyə gətirdiyi “John Deer” şirkətinin “9970” markalı kombaynları işləyir və hər gün tədarük olunan məhsulun 70-75 faizi bu maşınların köməyi ilə toplanılır.
Rayonda ən çox pambıq əkilən Aranlı kəndinin inzibati ərazi dairəsi üzrə nümayəndəsi Əlhümbət Alkişiyev bildirib ki, kənddə fəaliyyət göstərən 70 fermer bu il 600 hektar sahədə pambıq becərib və indiyə kimi sahələrdən 4 min tondan çox məhsul toplayıblar. Məhsuldarlıq orta hesabla 25-30 sentner arası olur. Hələ sahələrdə məhsul çoxdur. Hazırda plantasiyalarda üçüncü yığım gedir. Təxmini hesablamalara görə, fermerlər bundan sonra daha 200 ton pambıq toplaya biləcəklər. Tədarük olunan məhsulun demək olar ki, hamısı maşınlarla yığılıb.
Qeyd edək ki, imişlili pambıqçılar bu il sahələrdən 21 min tondan çox məhsul toplamağı qarşıya məqsəd qoyublar.