DÜNYA
İndoneziya koronavirusun yeni ştamına görə Afrikanın bəzi ölkələrindən gələnlərin girişinə qadağa qoyub
Tokio, 28 noyabr, AZƏRTAC
Koronavirusun yeni omikron ştamına görə Afrikanın bir neçə ölkəsindən gələnlərin İndoneziya girişinə qadağa tətbiq edilib.
AZƏRTAC xəbər verir ki, bu barədə bazar günü jurnalistlərə İndoneziyanın İmmiqrasiya İdarəsinin rəhbəri Ariya Pradxana Anqakara məlumat verib. İdarə rəisi bildirib ki, əcnəbilərin ölkəyə girişinə qadağalar noyabrın 29-dan qüvvəyə minəcək. Məmur əlavə edib ki, həmin qadağalar son 14 gündə Botsvan, Lesoto, Mozambik, Namibiya, Nigeriya, CAR və Esvatinidə olanlara tətbiq olunacaq. Bu addımın yeni omikron ştamının ölkəyə gəlişinin qarşısını almaq məqsədilə atıldığı da bildirilib.
Bununla yanaşı, məmur əlavə edib ki, məhdudiyyətlər G20 sammitinə qatılmaq üçün İndoneziyaya gələnlərə şamil edilməyəcək. Xatırladaq ki, dekabrın 1-dən İndoneziya G20-yə sədrlik etməyə başlayacaq.
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Tokio