İQTİSADİYYAT
İnnovasiyalar Agentliyi BP ilə startaplar üçün birgə akselerasiya proqramının reallaşdırılması üzrə müzakirələr aparıb
Bakı, 7 oktyabr, Pərvanə Rəhimova, AZƏRTAC
İnnovasiyalar Agentliyi və BP şirkəti startaplar üçün birgə akselerasiya proqramının reallaşdırılmasına dair müzakirələr aparıb.
Agentliyin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, oktyabrın 7-də İnnovasiyalar Agentliyinin idarə heyətinin sədri Tural Kərimli BP şirkətinin Azərbaycan, Gürcüstan və Türkiyə regionu üzrə vitse-prezidenti, planlaşdırma və kommersiya əməliyyatlarının rəhbəri Niall Hendersonla görüşüb. T.Kərimli agentliyin fəaliyyəti, ekosistemin inkişafına yönəlmiş təşəbbüsləri, layihələr, uğurlu startaplar və gələcək planlar haqqında qonaqlara məlumat verib.
N.Henderson sözügedən sektorun əhəmiyyətini vurğulayaraq bu sahənin inkişafının Azərbaycan iqtisadiyyatında böyük rol oynayacağını bildirib və BP-nin qarşılıqlı layihələri dəstəkləməyə hazır olduğunu qeyd edib. Startaplar üçün birgə akselerasiya proqramının mümkünlüyü və yerli startapların maliyyələşdirilməsində BP-nin iştirakı görüşün əsas mövzularından olub.
Görüşdən sonra N.Henderson İnnovasiya Agentliyinin ofisi ilə də tanış olub.