MƏDƏNİYYƏT
İordaniya mətbuatında Azərbaycanla mədəniyyət və təhsil əlaqələri haqqında məqalə dərc olunub
Qahirə, 24 yanvar, AZƏRTAC
İordaniyanın “Nəbd Əl Balad”, “Əl Ənbat”, “Cohina” və “Şaab” qəzetlərində akademik Mərvan Sudanın Azərbaycan və İordaniya mədəni-təhsil əlaqələrinin tarixi və perspektivləri barəsində geniş məqaləsi dərc edilib.
AZƏRTAC xəbər verir ki, hələ sovet dövründə Moskva Dövlət Universitetində təhsil almış və azərbaycanlı Adil Qurbanovun rəhbərliyi altında “Moskovskie novosti” qəzetinin ərəb dilində həftəlik buraxılışında çalışmış iordaniyalı akademik həmin dövrdə respublikamızın ərəb ölkələri ilə əlaqələrin mərkəzi olduğunu diqqətə çatdırıb. O qeyd edib ki, azərbaycanlı ziyalı Adil Qurbanov, eyni zamanda ötən əsrin 70-ci illərində Əmmanda fəaliyyət göstərən Sovet Mədəniyyət Mərkəzinə də rəhbərlik edib. “Həmin illərdə biz azərbaycanlı jurnalistlər və mədəniyyət işçiləri ilə mütəmadi görüşlər keçirirdik. Azərbaycana olan sevgimiz və sıx əməkdaşlığımız da məhz o illərdə formalaşıb”,-deyə müəllif yazıb.
Məqalədə Azərbaycanla İordaniya arasında mədəniyyət və təhsil sahələrində əməkdaşlığın perspektivlərinə də toxunulub. Müəllif qeyd edib ki, ötən il İordaniya Universitetində dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin 880 illiyi ilə əlaqədar tədbirin təşkili, müxtəlif mədəni tədbirlərdə azərbaycanlı incəsənət ustalarının iştirakı yaddaqalan hadisələrdir. Eyni zamanda, iordaniyalı gənclərin Azərbaycanın universitetlərində təhsil alması da sevindirici haldır.
Hazırda diplomatik nümayəndəliklər və mədəniyyət mərkəzləri bu əlaqələrin möhkəmlənməsi istiqamətində geniş fəaliyyət göstərirlər.
Oqtay Bayramov
AZƏRTAC-ın xüsusi müxbiri
Qahirə