SİYASƏT
“İran diplomatiyası” saytı: “Dağlıq Qarabağ razılaşması: qələbə və faciə”
Tehran, 24 noyabr, AZƏRTAC
Azərbaycan 28 il əvvəl itirdiyi Qarabağı geri qaytarıb Ermənistan üzərində əhəmiyyətli qələbə qazandı.
AZƏRTAC xəbər verir ki, bu fikir “İran diplomatiyası” saytında dərc olunmuş “Dağlıq Qarabağ razılaşması: qələbə və faciə” adlı məqalədə yer alıb. Müəllif Şöhrə Pulab yazır ki, Azərbaycanın iqtisadi gücü və beynəlxalq aləmdəki diplomatik addımları rəsmi Bakının qələbəsini təmin etdi.
Bu qələbə ilə Azərbaycan beynəlxalq nəqliyyat marşrutlarının mərkəzi olmaq iddiasını həyata keçirmək imkanlarını reallığa çevirib. Söhbət Orta Asiya və Yaxın Şərqdən Avropaya uzanan tranzit nəqliyyat yollarından gedir.
Avrasiya tranzit-nəqliyyat yolları Çindən başlayır, Qazaxıstan, Azərbaycan və Gürcüstandan keçərək Türkiyəyə, oradan isə Avropaya uzanır ki, bu, Bakını beynəlxalq kommersiya mərkəzinə də çevirəcək. Azərbaycan Xəzər dənizi vasitəsilə Orta Asiya dövlətlərini Cənubi Qafqaz regionu ilə də birləşdirir. Cənub istiqamətində isə Azərbaycan Hindistan ilə Avropanı birləşdirmək iqtidarına malikdir (Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizi vasitəsilə). Qarabağın Ermənistan tərəfindən işğalı Azərbaycanı yuxarıda göstərdiyimiz imkanlardan məhrum etmişdi. Lakin Azərbaycanın qələbəsi bu perspektivləri gündəmə gətirib.
Məqalədə o da qeyd edilir ki, Naxçıvan Muxtar Respublikası ilə Azərbaycanın əsas hissəsinin birləşdirilməsi üçün yolun çəkilməsi Türkiyəni Orta Asiya və Rusiya ilə nəqliyyat baxımından birləşdirəcək.
Bildirilir ki, 44 günlük müharibədə başda Azərbaycan olmaqla Rusiya, İran və Türkiyənin maraqları da təmin edildi. Yeganə uduzan tərəf Ermənistan oldu ki, bu da onun gələcəyinin qaranlıq olduğunu göstərir.
Rabil Kətanov
AZƏRTAC-ın xüsusi müxbiri
Tehran