MƏDƏNİYYƏT
İranlı rəssamın ARTIM Layihə Məkanında “Yamacın görüntüsü” adlı fərdi sərgisi açılacaq
Bakı, 13 iyul, AZƏRTAC
İyulun 15-də iranlı rəssam Neda Zarfsazın ARTIM Layihə Məkanında “Yamacın görüntüsü” adlı fərdi sərgisi açılacaq.
YARAT Müasir İncəsənət Məkanından AZƏRTAC-a bildirilib ki, “Yamacın görüntüsü” Neda Zarfsazın üç aylıq rezidentura proqramı çərçivəsində, YARAT Emalatxanalarında işlədiyi əsərlərdən ibarət yekun sərgisidir. Sərginin konteksti yerli mühitin rəssama göstərdiyi təsirlə əlaqədardır. Təqdim edilən altı əsər ətrafda baş verən dəyişikliklərə rəssamın münasibətini əks etdirir. Birlikdə toplanmış həmin əsərlər mühit və ətraf mənzərənin bir növ arxivini təşkil edir. Mövcudluq mövzusunu araşdıran rəssam əsərlərində ölkəmizin müasir tikinti görüntüləri və Xəzəryanı regionunda sənayenin rolunu əks etdirir.
Qeyd edək ki, Neda Zarfsaz 1981-ci ildə İranın Urmiya şəhərində dünyaya gəlib. O, Höteborq Universitetinin nəzdindəki Valand Təsviri İncəsənət Akademiyasını təsviri incəsənət üzrə magistr dərəcəsi ilə bitirib. 2011-ci ildə, rəssam İsveçin Höteborq şəhərində “Adlerbertska Hospitiestiftelsen” mükafatına, 2013-cü ildə isə Londondakı “Gasworks” qalereyasında art-rezidensiya proqramında iştirak etmək üçün MOP (Magic of Persia) Fondu tərəfindən mükafata layiq görülüb. Onun “Xırda daşlarsız böyük daşlar” əsəri Əbu-Dabi İncəsənət yarmarkası üçün seçilib. Rəssam çoxsaylı fərdi və qrup sərgilərinin iştirakçısıdır.
YARAT Rezidentura Proqramı müxtəlif sahələr üzrə açıq, tədqiqata əsaslanmış təcrübəyə malik və Qafqaz regionunu kəşf etməkdə maraqlı olan rəssamlar üçün nəzərdə tutulub. Proqram rezidentura iştirakçılarına çoxsaylı rəssamlar, kuratorlar və kolleksiyaçılar ilə dialoq aparmağa, öz əsərlərini YARAT Emalatxanalarında hazırlamağa və ARTIM Layihə Məkanında sərgilənməyə imkan yaradır.