DÜNYA
İraq 600-dən çox vətəndaşını Belarusdan təxliyə edib
Bakı, 26 noyabr, AZƏRTAC
İraqın Xarici İşlər Nazirliyi Belarus ərazisindən Avropa İttifaqına qanunsuz keçməyə çalışan 600-dən çox mühaciri vətəninə qaytarmağa nail olub.
AZƏRTAC Sinxua agentliyinə istinadla xəbər verir ki, bu barədə İraq XİN-in spikeri Əhməd əl-Sahaf yerli KİV-ə müsahibəsində məlumat verib. “Mühacirlərin könüllü təxliyəsi üzrə səylər bu gün də davam edir. İraq Hava Yolları ilə əməkdaşlıq çərçivəsində 617 mühacir Minskdən geri qaytarılıb”, - deyə Əhməd əl-Sahaf bildirib. Onun sözlərinə görə, təxliyə edilən vətəndaşların əksəriyyəti qadınlar, uşaqlar və qocalardır.
Bir müddət öncə İraq rəsmiləri Belarusdakı bütün mühacirləri könüllü olaraq geri qaytarmaq niyyətində olduqlarını bəyan ediblər.
Xatırladaq ki, İraqın hakimiyyət orqanları vətəndaşlarını insan alverindən qorumaq məqsədilə Belarusla birbaşa hava əlaqəsini dayandırıb. Hazırda Belarus sərhədində Polşadan keçməklə Almaniyaya getməyə və orada sığınacaq almağa çalışan minlərlə mühacir toplanıb.