REGİONLAR
İsmayıllıda 18 Oktyabr - Müstəqilliyin Bərpası Gününə həsr olunan şahmat üzrə rayon turniri keçirilib
İsmayıllı, 15 oktyabr, AZƏRTAC
İsmayıllıda Rayon Gənclər və İdman İdarəsinin Uşaq-Gənclər İdman-Şahmat məktəbinin birgə təşkilatçılığı ilə 18 Oktyabr- Müstəqilliyin Bərpası Günü ilə bağlı yeniyetmə və gənclər arasında şahmat üzrə rayon turniri keçirilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Uşaq-Gənclər İdman-Şahmat məktəbində keçirilən turnirdə əvvəlcə ümummilli lider Heydər Əliyevin və Azərbaycanın azadlığı və ərazi bütövlüyü uğrunda şəhid olan vətən oğullarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Çıxışlarda 18 oktyabr tarixinin Azərbaycanın ən şərəfli səhifələrindən biri olduğu, XX ərin sonlarında SSRİ-nin dağılması ilə yaranan tarixi şərait nəticəsində Azərbaycanın dövlət müstəqilliyinin bərpa edildiyi diqqətə çatdırılıb. Belə ki, 1991-ci il oktyabrın 18-də Azərbaycan Ali Sovetinin sessiyasında tarixi sənəd - Dövlət Müstəqilliyi haqqında Konstitusiya Aktı qəbul edilib. Konstitusiya Aktında göstərilib ki, müstəqil Azərbaycan dövləti 1918-1920-ci illərdə mövcud olan Azərbaycan Xalq Cümhuriyyətinin hüquqi varisidir.
Çıxışlardan sonra yarışlara start verilib. 53 nəfər yeniyetmə və gəncin iştirak etdiyi turnir 2 gün davam edəcək. Sonda I, II və III yerləri tutan oğlanlar və qızlar ayrı-ayrılıqda Gənclər və İdman İdarəsinin diplom və medalları ilə təltif olunacaqlar.