İstanbulda qəflətən dəyişən hava şəraiti bir sıra fəsadlar törədib
AzerTAg.az

İstanbul, 9 fevral, AZƏRTAC
İstanbulda fevralın 8-i axşam saatlarından etibarən qəflətən dəyişən hava şəraiti bir sıra fəsadlar törədib.
AZƏRTAC xəbər verir ki, fevralın 9-u səhər saatlarınadək şəhərdə əsən güclü külək bir neçə evin dam örtüyünü uçurub, ağacları kökündən çıxarıb. Uçan dam örtükləri avtomobillərin üstünə düşüb. Bəzi maşınlara ciddi zərər dəyib. Analoji vəziyyət demək olar ki, şəhərin bütün bölgələrində müşahidə olunub. Şəhərin Esenler rayonunda bir binada iki balkon çöküb. İndiyədək xəsarət alanlarla bağlı məlumat verilməyib.
Hazırda şəhərdə ictimai nəqliyyatda bəzi səfərlər təxirə salınıb. İstanbul boğazında gəmilərin hərəkəti məhdudlaşdırılıb.
Hidriometeoroloqlar şəhərdə hökm sürən əlverişsiz hava şəraitinin daha bir neçə gün davam edəcəyi, fevralın 13-dən etibarən qar yağacağı ilə bağlı xəbərdarlıq ediblər. İki gün davam edəcək qar və yağış zamanı hava temperaturunun 15 dərəcəyədək enəcəyi gözlənilir.
Günel Məlikova
AZƏRTAC-ın xüsusi müxbiri
İstanbul
Xəbərin mətnində orfoqrafik səhv var