MƏDƏNİYYƏT
İstiqlal Muzeyində növbəti tədbir Milli Qəhrəmana həsr olunacaq
Bakı, 29 oktyabr, AZƏRTAC
Noyabrın 2-də Azərbaycan İstiqlal Muzeyinin və Cəbrayıl Tarix – Diyarşünaslıq Muzeyinin birgə təşkilatçılığı ilə Azərbaycanın Milli Qəhrəmanı Şikar Aslanova həsr olunmuş “Vətən sənə oğul dedi” adlı tədbir keçiriləcək.
Muzeydən AZƏRTAC-a bildirilib ki, tədbirdə Azərbaycanın Milli Qəhrəmanı Şikar Aslanovun döyüş yoldaşları, doğmaları qəhrəmanın ömür və döyüş yolu haqqında söhbət açacaqlar.
Tədbirdən sonra qonaqlar Azərbaycan İstiqlal Muzeyinin zallarında nümayiş etdirilən Cəbrayıl Tarix – Diyarşünaslıq Muzeyinin eksponatları ilə və Milli Qəhrəmana həsr edilmiş guşə ilə tanış olacaqlar.
Qeyd edək ki, Şikar Aslanov 1970-ci il iyun ayının 10-da Cəbrayıl rayonunun Süleymanlı kəndində dünyaya göz açıb. İlk təhsilini burada alan Şikar 1987-ci ildə məktəbi bitirib. 1988-ci ildə keçmiş sovet ordusunda hərbi xidmət keçib. 1990-cı ildə doğma vətənə qayıdaraq polis sıralarında işə başlayıb. Erməni işğalçılarının ölkəmizə qarşı qaldırdığı torpaq idealları yüzlərlə vətən oğlu kimi Şikarı da silaha sarılmağa məcbur edib. 1992-ci ildə Xocavənd rayonunda gedən döyüşlərdə düşmənin atəş nöqtələrini peşəkarcasına susdurub. 1992-ci il iyul ayının 2-də hərbi əməliyyat zamanı Şikar snayper gülləsinə tuş gəlib, cəsur döyüşçünü hospitala çatdırsalar da onun həyatını xilas etmək mümkün olmayıb. Doğulduğu Süleymanlı kəndində dəfn edilib. 1992-ci ildə ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" adına layiq görülüb.