CƏMİYYƏT
İstixana sahibləri ilə görüşdə məhsuldarlığın və ixrac potensialının artırılması müzakirə olunub
Bakı, 22 oktyabr, AZƏRTAC
Qida Təhlükəsizliyi Agentliyində Bakı və Bakıətrafı ərazilərdə yerləşən istixana sahibləri ilə görüş keçirilib.
Agentliyin İnformasiya xidməti və innovativ həllər şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, görüşdə istixana sahibləri ilə yanaşı ixracatçılar, Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyi, Meyvə-Tərəvəz İstehsalçıları və İxracatçıları Assosiasiyasının rəhbərləri və əməkdaşları iştirak ediblər.
Görüşdə mövsümün başlanması ilə əlaqədar istixanada becərilən məhsulların, xüsusi ilə pomidorun keyfiyyətinin yaxşılaşdırılması, məhsuldarlığın artırılması, zərərli orqanizmlər və onlara qarşı mübarizə yolları, ixrac potensialının artırılması barədə təqdimatlar olub. Həmçinin beynəlxalq təcrübəyə əsaslanaraq, bitki mühafizə vasitələrindən istifadə və təhlükəsizlik məsələlərinə dair fikir mübadiləsi aparılıb, sahibkarları maraqlandıran suallar cavablandırılıb.