DÜNYA
İtaliyanın Sardiyina adasında karantin qaydalarının bir çoxu aradan qaldırılıb
Roma, 1 mart, AZƏRTAC
İtaliyanın Sardiniya adası ölkədə ilk region olaraq pandemiya ilə əlaqədar yaradılan işıqfor sistemini tərk edib. Regionda yoluxma hallarının aşağı düşməsinə görə, işıqfor sisteminin ən aşağı pilləsi sayılan sarı pillə də ləğv edilib.
AZƏRTAC xəbər verir ki, martın 1-dən etibarən adada kafe və restoranların iş saatı uzadılıb, ticarət obyektləri və mərkəzlərinə həftə sonlarında da işləmək icazəsi verilib, bu həftə ərzində idman mərkəzləri və üzgüçülük hovuzlarının da fəaliyyəti bərpa olunmalıdır. Həmçinin bildirilib ki, yaxın günlərdə infeksiyanın gedişatını nəzərə alaraq, teatr və kino mərkəzlərinin də açılması barədə qərar veriləcək.
Yeni qaydalar içərisində məktəblərdə əyani tədrisin bərpası da yer tutur. Artıq bütün məktəblilər məktəbdə dərs keçə biləcəklər, lakin hamının dərs zamanı maskadan istifadə etməsi tələb olunur.
Sardiniya regionunun prezidenti Xristian Solinas hökuməti bu adaya peyvənd dozalarının çatdırılmasına xüsusi diqqət ayrılmasına çağırıb. O qeyd edib ki, yetərincə peyvənd dozası olacağı təqdirdə ada sakinlərinin 45 gün ərzində immunlaşması təmin edilə bilər və bununla da Sardiniya koronavirusdan azad zonaya çevrilər. Bundan sonra isə özü ilə müvafiq PCR testi gətirən turistlərin adaya buraxılması və turizm obyektlərinin normal fəaliyyəti üçün heç bir əngəl qalmayacaq.
Sardiniyada vəziyyətin yaxşılaşması fonunda İtaliyanın bir sıra regionları karantin qaydalarını sərtləşdiriblər. Buna səbəb isə ölkədə virusun bir neçə variantının yayılması və həftəlik yoluxma sayının hər 100 min nəfər arasında 145-ə çatmasıdır.
Elgün Niftəli
AZƏRTAC-ın xüsusi müxbiri
Roma