MƏDƏNİYYƏT


İtalyan kino tədqiqatçıları bütün zamanların ən yaxşı üç filmini müəyyən ediblər

Bakı, 30 noyabr, AZƏRTAC 

İtaliyanın Turin Universitetində aparılan kinematoqrafiya üzrə tədqiqatların müəllifləri dünyada incəsənətin inkişafına daha çox təsir göstərmiş üç filmi müəyyən ediblər.

AZƏRTAC tədqiqatların nəticələrinin dərc olunduğu “Applied Network Science” jurnalına istinadla xəbər verir ki, təcrübəli italyan kino tənqidçilərinə görə, 1939-cu ildə lentə alınmış “Oz ölkəsinin sehrbazı” filmi bütün zamanların ən yaxşı kinolenti hesab olunub. Frenk Baumun romanı əsasında Viktor Fleminqin lentə aldığı bu ekran əsəri 1989-cu ildə Amerika kinosunun ən yaxşı nümunələri sırasında “Milli filmlər reyestri”nə daxil edilib.

Rejissor Corc Lukasın 1977-ci ildə ekran həyatı verdiyi məşhur “Ulduz müharibələri” kinofilminin birinci seriyası – “Yeni ümid” filmi ikinci, kino aləmində dahi rejissorlardan biri sayılan Alfred Hiçkokun 1960-cı ildə lentə aldığı “Psixo” ekran əsəri isə üçüncü pillədədir.

Tədqiqatın müəllifləri qeyd ediblər ki, adətən, filmin uğuru onun “kassa yığımı” göstəriciləri və ya peşəkar tənqidçilərin rəyi ilə şərtləndirilir. Lakin bu meyarlar qısa zamanda reklam kimi xarici amillərə əsaslana bilər və uzun perspektivdə ekran əsərinin uğurunu təmin etmir”.

Araşdırmalar zamanı İnternet Kino Məlumat Bazasından (IMDb) istifadə edən tədqiqatçılar bildiriblər ki, onların əsas məqsədi konkret bir filmin iqtisadi və incəsənət baxımından özündən sonrakı ekran əsərlərinin yaranmasına təsirini müəyyənləşdirmək olub. Onlar əlavə ediblər ki, bu nəticələr Qərb kinematoqrafiyasına aiddir, çünki İMDb-nin saytında məhz Avropa və ABŞ kino sənətinə yer ayrılır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.