ELM VƏ TƏHSİL
İyulun 3-də keçirilmiş buraxılış imtahanlarının nəticələri açıqlanıb
Bakı, 5 iyul, AZƏRTAC
İyulun 3-də keçirilmiş buraxılış imtahanlarının nəticələri elan olunub.
Dövlət İmtahan Mərkəzi (DİM) iyulun 3-də Bakı şəhərindəki xüsusi təyinatlı orta məktəblərin, Şəmkir, Gədəbəy, Ağstafa, Qazax, Tovuz, Mingəçevir, Balakən, Zaqatala, Qax, Yardımlı, Cəlilabad, Masallı, Lerik, Göyçay, Ağdaş, Ucar, İsmayıllı, Qobustan, Ağcabədi, Füzuli, Beyləqan, Salyan, Neftçala, Hacıqabul, Qusar, Quba, Siyəzən və Xızı rayonlarındakı orta ümumtəhsil müəssisələrinin buraxılış siniflərində təhsil alan 9 və 11-ci sinif şagirdləri üçün keçirilmiş buraxılış imtahanlarının nəticələrini elan edib.
DİM-dən AZƏRTAC-a bildiriblər ki, imtahanın nəticələri iyulun 5-də saat 16:26-dan etibarən DİM-in internet saytında yerləşdirilib.
İmtahanda iştirak etmiş şagirdlər DİM-in internet saytı vasitəsilə nəticələr haqqında məlumatla, habelə cavab kartının qrafik təsviri ilə tanış ola bilərlər. Şagirdlər imtahanın nəticələri haqqında məlumatı, həmçinin mobil operatorlar (Azercell, Bakcell, Nar) vasitəsilə “iş nömrəsi”ni 7727 nömrəsinə göndərməklə öyrənə bilərlər.
İmtahanda iştirakı gözlənilən 32795 şagirddən 766 nəfəri imtahana gəlməyib. İki nəfər imtahan qaydalarını pozduğu üçün imtahandan xaric edilib.
İmtahanda iştirakı gözlənilən 24830 şagirddən 692 nəfəri imtahana gəlməyib, 36 nəfər qaydaları pozduğu üçün imtahandan xaric olunub.
Qeyd edək ki, buraxılış imtahanlarının nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Komissiyası yaradılıb. Apellyasiya Komissiyası A.Salamzadə küçəsi, 28 ünvanında (keçmiş Bakı Asiya Universitetinin binasında) fəaliyyət göstərir. Şagirdlər Apellyasiya Komissiyasına iyulun 6-da və 9-da saat 10:00-dan 17:00-dək şəxsiyyəti təsdiqləyən sənədin əslini və surətini təqdim etməklə şəxsən müraciət edə bilərlər.