CƏMİYYƏT


Jurnalistlər üçün təşkil edilmiş üçgünlük təlimlər başa çatıb

Bakı, 26 yanvar, AZƏRTAC

Yanvarın 24-26-da Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi (BMTM), Medianın İnkişafı Agentliyi, Xarici İşlər Nazirliyi və Müdafiə Nazirliyinin birgə təşkil etdiyi “Müharibədən sonrakı reallıqlar və media” başlıqlı üçgünlük təlimlər başa çatıb.

AZƏRTAC xəbər verir ki, təlimin ilk günü BMTM-də Mərkəzin İdarə Heyətinin sədri Fərid Şəfiyev və Medianın İnkişafı Agentliyinin icraçı direktoru Əhməd İsmayılov çıxış ediblər. F.Şəfiyev bildirib ki, təlimlərin təşkilində əsas məqsəd beynəlxalq və xarici siyasət sahəsində çalışan jurnalistlərin peşəkarlığının artırılmasıdır. Media sahəsində müəyyən problemlərin olduğunu diqqətə çatdıran mərkəz sədri beynəlxalq, o cümlədən təşkilat və səfirliklərlə əlaqələrin daha da gücləndirilməsinin vacibliyini vurğulayıb.

Medianın İnkişafı Agentliyinin İcraçı direktoru Əhməd İsmayılov bildirib ki, müharibədən sonrakı reallıqların beynəlxalq ictimaiyyətə çatdırılmasında medianın üzərinə böyük məsuliyyət düşür. O deyib ki, postmünaqişə dövründə bu mövzuda təlimlərin təşkili mühüm əhəmiyyət kəsb edir və sahə üzrə ixtisaslaşmış jurnalistlərə böyük ehtiyac duyulur. Çıxışlar zamanı belə təlimlərin mütəmadi xarakter daşıyacağı vurğulanıb.

Sonra Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva “Azərbaycanın müharibədən sonrakı dövrədə mövqeyinin beynəlxalq mediaya düzgün çatdırılması dili və terminologiyanın dəyişməsi”, Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəisi Anar Eyvazlının təlim mövzusu "Media nümayəndələrinin azad edilmiş ərazilərə səfərləri" və BMTM-in baş məsləhətçisi Vasif Hüseynov “Xarici mediada Azərbaycan həqiqətlərinin çatdırılmasına dair məqalələrin yazılması” mövzularında təlim keçiblər.

Təlimlərin ikinci günündə Xarici İşlər Nazirliyində Azərbaycan Respublikasının xarici işlər nazirinin müavini Elnur Məmmədov tərəfindən “Postmünaqişə dövründə Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması. Təhdidlər və perspektivlər”, Xarici İşlər Nazirliyinin Beynəlxalq Təhlükəsizlik İdarəsinin rəisi Yalçın Rəfiyev tərəfindən “44 günlük Vətən müharibəsi dövründə və ondan sonra beynəlxalq təşkilatlar çərçivəsində aparılan fəaliyyət”, Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva tərəfindən “Postmünaqişə dövründə Azərbaycanın xarici siyasətinin prioritetləri” mövzularında təlimlər baş tutub.

Təlimlərin üçüncü günü, yəni, yanvarın 26-da Azərbaycan Ordusunun Sənədli və Tədris Filmləri Mərkəzi, Hərbi Nəşriyyat və Hərb Tarixi Muzeyinə press-tur təşkil edilib.

Sonda jurnalistlərə sertifikatlar təqdim olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.