İQTİSADİYYAT
KİYEV-BAKI: İQTİSADİYYATIN SİYASƏTDƏN GERİ QALMAMASI ÜÇÜN
Baş nazirin birinci müavini Abbas Abbasov başda olmaqla Azərbaycan Respublikasının hökumət nümayəndə heyəti Ukrayna-Azərbaycan hökumətlərarası iqtisadi əməkdaşlıq komissiyasının dördüncü iclasında iştirak etmək üçün fevralın 13-dən Kiyevdə səfərdədir.
Komissiyanın iclasında hər iki ölkənin iqtisadiyyatları üçün mühüm olan maşınqayırma, metallurgiya, energetika və aqrar sənaye sahələrində əməkdaşlığının dərinləşdirilməsinə dair məsələlər, habelə Xəzər neftinin Avrasiya nəqliyyat dəhlizi ilə daşınması məsələsi müzakirə edilmişdir.
Danışıqlarda humanitar sahədə əməkdaşlıq mövzusuna, o cümlədən Azərbaycan Respublikasında keçiriləcək Ukrayna mədəniyyəti günləri məsələsinə də toxunulmuşdur.
Azərbaycan Respublikası baş nazirinin birinci müavini Abbas Abbasov Ukraynanın xarici işlər naziri Anatoli Zlenko ilə də görüşmüşdür.
Görüşdə Xəzər neftinin nəqli üçün Ukrayna marşrutundan (Bakı-Supsa-Odessa-Brodı-Avropa səmərəli istifadə olunmasının mümkünlüyü də müzakirə edilmişdir. Məlum olduğu kimi, Azərbaycan öz karbohidrogen ehtiyatlarının nəqlinin çoxvariantlılığına tərəfdardır və bununla əlaqədar Ukraynaya da potensial tərəfdaş kimi baxılır.
Azərbaycan baş nazirinin birinci müavini A.Abbasov Kiyevdə olduğu günlərdə Ukrayna baş nazirinin birinci müavini O. Dubina ilə görüşmüş, sonra isə baş nazir A.Kinax tərəfindən qəbul edilmişdir. İşgüzarlıq və dostluq şəraitində keçən bu görüşlərdə ticarət-iqtisadi xarakterli bir çox məsələlər konstruktiv şəkildə müzakirə olunmuşdur.
Müəllif hüququnun və əlaqəli hüquqların qorunması sahəsində əməkdaşlıq haqqında, vətəndaşların vizasız gəliş-gedişi haqqında hökumətlərarası sazişlər, habelə maşınqayırma kompleksi müəssisələrinin ixtisaslaşdırılmasının saxlanılması və istehsal-texniki təyinatlı məhsulların qarşılıqlı kooperasiya üsulu ilə göndərilməsi haqqında, dəmir yol nəqliyyatı sahəsində istehsal kooperasiyası və istehsalın ixtisaslaşdırılması haqqında idarələrarası sazişlər, hər iki ölkənin vergi idarələri arasında əməkdaşlıq haqqında saziş imzalanmışdır.
Azərbaycan nümayəndə heyətinin səfəri davam edir.
Zeynal Ağazadə
AZƏRTAC-ın ştatdankənar müxbiri
Kiyev