İQTİSADİYYAT


Kapital bazarında əlverişli vergi mühiti formalaşır

Kapital bazarında əlverişli vergi mühiti formalaşır

Bakı, 22 iyun, AZƏRTAC

Kapital bazarında əlverişli vergi mühitinin formalaşdırılması istiqamətində Vergi Məcəlləsində bir sıra dəyişikliklər edilib. Dəyişikliklərə əsasən, 2023-cü il fevralın 1-dən etibarən 5 il müddətində yalnız kütləvi təklif edilmiş və tənzimlənən bazarda ticarətə buraxılmış səhmlər və istiqrazlar üzrə müvafiq olaraq ödənilən dividend, diskont və faiz gəlirləri vergidən azad edilir. Bu dəyişiklik qiymətli kağızların kütləvi təklifinin və fond birjasında listinqin stimullaşdırılmasına öz töhfəsini verəcək.

Bakı Fond Birjasından AZƏRTAC-a bildirilib ki, digər dəyişiklik istiqrazlar üzrə ödənilən diskont və faiz gəlirlərindən verginin hesablanması qaydasının qabaqcıl beynəlxalq təcrübəyə uyğunlaşdırılması və əsas meyar kimi istiqraz mülkiyyətçisinin həmin istiqraza malik olduğu günlərin sayının nəzərə alınmasıdır. Bu dəyişiklik istiqrazlar üzrə diskont və faiz gəlirlərindən formalaşan vergi yükünü optimallaşdırmaqla investorların kapital bazarında fəal iştirakını və investor bazasının genişləndirilməsini stimullaşdıracaq. Eyni zamanda, hüquqi şəxslər tərəfindən istiqrazlar üzrə əldə edilən faiz gəlirlərinin ödəmə mənbəyində deyil, ümumi mənfəətdə bəyan edilməsi və ödənilməsi müəyyən edilib. Qeyd edilən dəyişikliklər birjadankənar bazarın kiçilməsi və fond birjasında bağlanan əqdlərin sayının artması fonunda bazarın şəffaflığının yüksəlməsinə və investorların kapital bazarında iştirak imkanlarının genişləndirilməsinə əhəmiyyətli töhfə verəcək. Bakı Fond Birjası tərəfindən qiymətli kağızlar bazarının dayanıqlı inkişafının təmin edilməsi, korporativ qiymətli kağızlar seqmentinin canlandırılması, bazar iştirakçılarının və fond birjasında listinqin stimullaşdırılması, eyni zamanda, kapital bazarı sahəsində maliyyə savadlığının artırılması üzrə davamlı tədbirlər həyata keçirilməkdədir.

BFB bununla əlaqədar olaraq bütün emitentləri yuxarıda sadalanan vergi güzəştlərindən yararlanmağa və Bakı Fond Birjasında listinqə daxil olmağa dəvət edir. Emitentlər bu istiqamətdə Bakı Fond Birjasında fəaliyyət göstərən Listinq Məsləhət Proqramına müraciət etməklə yararlana bilərlər. Qiymətli kağızların buraxılışı vasitəsilə maliyyələşmək istəyən və bu istiqamətdə dəstəyə ehtiyacı olan şirkətlərə bu proqram çərçivəsində qiymətli kağızların buraxılışı müddətində tam dəstək verilir və ödənişsiz xidmət göstərilir.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.