DÜNYA
Kaxa Kaladze: Gürcüstanın Baş Nazirinin istefası ilə bağlı xəbərlər həqiqəti əks etdirmir
Tbilisi, 3 iyun, AZƏRTAC
Son günlər Baş Nazir Giorgi Qaxariyanın istefası ilə bağlı yayılan məlumatlar həqiqəti əks etdirmir və tam yalandır.
AZƏRTAC xəbər verir ki, bu sözləri Gürcüstanın hakim “Gürcü Arzusu-Demokratik Gürcüstan” partiyasının baş katibi, Tbilisi şəhərinin meri Kaxa Kaladze jurnalistlərə açıqlamasında söyləyib.
Baş katib deyib ki, hakim partiyada və hökumətdə bu məsələ müzakirə olunmayıb və ümumiyyətlə bu məsələ gündəlikdə deyil.
Gürcüstan parlamentinin vitse-spikeri Qeorqi Volski isə deyib ki, bəzi qüvvələr G.Qaxariyanın istefası ilə bağlı yalan məlumatlar yaymaqla ictimaiyyəti aldatmağa və diqqəti daha maraqlı mövzulardan yayındırmağa çalışırlar.
Qeyd edək ki, son bir neçə gündür gürcü cəmiyyətində Giorgi Qaxariyanın yaxın vaxtlarda istefa verəcəyi və onun hakimiyyətə müxalif partiya yaradacağı barədə məlumatlar yayılır. Hətta artıq onun yerinə namizədin müəyyənləşdiyi də bildirilir.
Qeyd edək ki, Giorgi Qaxariya 2019-cu il sentyabrın 8-də Gürcüstanın Baş Naziri seçilib.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi