SİYASƏT
Kəlbəcərdə mina partlayışı nəticəsində həlak olan jurnalistlərlə bağlı ispandilli ölkələrə müraciət ünvanlanıb
Bakı, 9 iyun, AZƏRTAC
Qafqaz-İberoamerika Düşüncə Mərkəzi Kəlbəcərdə xidməti fəaliyyətini yerinə yetirərkən mina partlayışı nəticəsində həlak olan jurnalistlərlə bağlı ispandilli ölkələrin kütləvi informasiya vasitələrinə müraciət ünvanlayıb.
AZƏRTAC xəbər verir ki, müraciətdə iyunun 4-də Azərbaycanın Kəlbəcər rayonunda iki media əməkdaşı - AzTV-nin operatoru Sirac Abışov və Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC) müxbiri Məhərrəm İbrahimov peşə fəaliyyətlərini yerinə yetirərkən mina partlayışı nəticəsində həlak olduqları təəssüf hissi ilə qeyd edilir.
Bildirilir ki, Ermənistan minalanmış ərazilərin xəritələrini Azərbaycan tərəfinə verməkdən imtina edir. Bu, nəinki həmin ərazilərdə jurnalist fəaliyyətini məhdudlaşdırır, eyni zamanda, Ermənistanın işğal siyasəti nəticəsində doğma yurdlarından zorla ayrı düşmüş məcburi köçkün ailələrinin geri qayıtmasına da imkan vermir. Beləliklə, həm cəmiyyətin informasiya təminatı, həm də insanların öz evlərində yaşamaq hüququ pozulur.
“Qafqaz-İberoamerika Düşüncə Mərkəzi olaraq Ermənistanın insan hüquq və azadlıqlarına zidd əməlindən əl çəkməsini, minalanmış ərazilərin xəritələrini təqdim etməsini istəyirik.
Onu da qeyd etmək lazımdır ki, vaxtilə Ermənistan tərəfində basdırılan müxtəlif növ mina və digər partlayıcı qurğular indiyə qədər onlarla insanın ölümünə və yaralanmasına səbəb olub. Bundan əlavə, Məhərrəm İbrahimov və Sirac Abışovun ölümünə səbəb olan faciəli hadisə minalanmış ərazilərin jurnalist fəaliyyətini çətinləşdirdiyini, məhdudlaşdırdığını və onu təhlükəli bir peşəyə çevirdiyini açıq şəkildə nümayiş etdirir. Media əməkdaşlarının xidməti vəzifələrini yerinə yetirərkən həlak olmaları, onlara qarşı hücumlar müasir dünyanın olduqca qorxunc və sarsıdıcı tendensiyasıdır”, - deyə müraciətdə qeyd olunub.
Diqqətə çatdırılıb ki, Ermənistan ordusunun zabiti Koryun Qumaşyan Kəlbəcər və Laçın rayonlarında çox sayda, daha dəqiq desək, 17 avtomobil mina basdırdıqlarını açıqlayıb. Ermənistanın bu davranışı bölgədə sülh, təhlükəsizlik və əməkdaşlıq üçün əsas maneə olaraq qalır.
“Biz ispandilli medianı bu fakta ciddi reaksiya verməyə, Ermənistan Respublikasına minalanmış ərazilərin xəritələrini vermək üçün təzyiq göstərməyə çağırırıq”, - deyə mərkəzin müraciətində bildirilir.
Qeyd edək ki, müraciət İspaniya, Meksika, Braziliya, Kolumbiya, Honduras və Paraqvay kimi ölkələrin KİV-ləri tərəfindən geniş işıqlandırılıb.