İDMAN
Kipr yığmasının baş məşqçisi: Ciddi rəqiblə qarşılaşacağıq
Bakı, 7 sentyabr, AZƏRTAC
Monteneqro ilə matç bizim birinci oyunumuz idi. Bu oyunda müdafiədə yaxşı idik. Məğlub olsaq belə, məncə pozitiv məqamlar da oldu.
AZƏRTAC xəbər verir ki, bu sözləri UEFA Millətlər Liqasının qrup mərhələsinin ikinci turu çərçivəsində Azərbaycan millisini qonaq edəcək Kipr yığmasının baş məşqçisi Yohan Valem sentyabrın 7-də keçirilən mətbuat konfransında deyib.
Azərbaycan ilə oyun barədə danışan baş məşqçi bildirib: “Fikrimcə, futbolçular oyuna hazırdırlar. Düşünürəm ki, biz bu oyunda qalib gəlməyi bacaracağıq. Rəqibə hörmət edirik, güclü heyəti var. Ciddi rəqiblə qarşılaşacağıq, daha intensiv futbol oynamalıyıq. Bu, daha fərqli oyun olacaq. Futbolçularımıza inanıram. Meydana çıxarkən əhval-ruhiyyəmiz yüksək olmalıdır. Sırf bunun nəticəsində uğur qazana bilərik. Millətlər Liqasında komandamız uğurlu çıxış etməlidir və mən bunun belə olacağına inanıram”.
Sentyabrın 8-də Nikosiyadakı GSP stadionunda keçiriləcək Kipr-Azərbaycan görüşü Bakı vaxtı ilə saat 22:45-də başlayacaq. Millimiz birinci turda evdə Lüksemburqa 1:2, Kipr yığması isə Monteneqroya 0:2 hesabı ilə uduzub.