MƏDƏNİYYƏT
“Kitabxanaçı tövsiyə edir” layihəsi çərçivəsində növbəti videoçarx
Bakı, 10 sentyabr, AZƏRTAC
Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Nizami rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Mərkəzi Kitabxanası “Kitabxanaçı tövsiyə edir” layihəsini uğurla davam etdirir.
İdarədən AZƏRTAC-a bildirilib ki, layihə çərçivəsində kitabxana nasir, şair, tərcüməçi, Azərbaycan Yazıçılar Birliyinin üzvü Vidadi Babanlı haqqında videoçarx hazırlayıb.
Qeyd edək ki, Vidadi Babanlı 1927-ci il yanvarın 5-də Qazaxın Şıxlı kəndində müəllim ailəsində doğulub. Burada orta məktəbi bitirdikdən sonra ADU-nun filologiya fakültəsində təhsil alıb. Bir il Sabirabad şəhər orta məktəbində müəllim işləyib, sonra Bakıya köçüb "Azərbaycan müəllimi" qəzeti redaksiyasında ədəbi işçi vəzifəsində çalışıb.
Moskvada M.Qorki adına Ədəbiyyat İnstitutuna təhsil almağa göndərilib, orada aspiranturaya daxil olsa da, səhhəti üzündən Bakıya qayıtmalı olub. Burada "Ədəbiyyat qəzeti" redaksiyasında ədəbi işçi, sonra şöbə müdiri işləyib. "Azərbaycan" jurnalı redaksiyasında nəsr şöbəsinə başçılıq edib. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasının dublyaj şöbəsində baş redaktor əvəzi, "Yazıçı" nəşriyyatında baş redaktor müavini olub. Hazırda bədii yaradıcılıqla məşğuldur.
Vidadi Babanlının ilk mətbu əsəri 1947-ci ildə "Azərbaycan gəncləri" qəzetində çıxan "Anam sən oldun" şeiri olub. İlk şeirləri "Dönüş", "Təbrizdə bir gecə" poemaları dövri mətbuatda "Vidadi Şıxlı" təxəllüsü ilə çap olunub. "Gəlin" povesti ilə nəsr yaradıcılığına başlayıb.
1954-cü ildən roman, povest, hekayə, oçerk, publisistik məqalələr, kinossenari yazıb-yaradır. Əsərləri SSRİ və xarici ölkə xalqlarının dillərinə çevrilib. Son illər "Öz evində qonaq" pyesi tamaşaya qoyulub. Şeirləri dövri mətbuatda müntəzəm çap olunur. "Kişilik haqqında himn" şeirlər toplusu "Xəzər" nəşriyyatında kütləvi tirajla buraxılıb. "Dərd məni dilləndirir" publisistik əsərlər toplusu, "Mənim gizlinlərim" avtobioqrafik romanı, "Ana intiqamı" povesti rəğbətlə qarşılanıb.