İDMAN
Konfederasiyalar Kubokunun ilk oyununda Rusiya yığması Yeni Zelandiyaya qalib gəlib
Bakı, 17 iyun, AZƏRTAC
İyunun 17-də futbol üzrə Rusiya və Yeni Zelandiya milli komandalarının qarşılaşması ilə 10-cu Konfederasiyalar Kuboku turnirinə start verilib.
AZƏRTAC xəbər verir ki, Sankt-Peterburq stadionunda keçirilən turnirin ilk oyununda Rusiya yığması rəqibini 2:0 hesabı ilə məğlub edib. Oyunun 31-ci dəqiqəsində Yeni Zelandiya millisinin futbolçusu Mixael Boxall topu öz qapısından keçirib. Görüşün 69-cu dəqiqəsində isə Rusiya yığmasının hücumçusu Fedor Smolov hesab arasındakı fərqi iki topa çatdırıb. Bu hesab matçın sonunadək dəyişməyib.
“A” qrupunda ikinci oyun iyunun 19-da Portuqaliya və Meksika komandaları arasında keçiriləcək.
İyulun 2-dək davam edəcək çempionatda FIFA-nın tərkibinə daxil olan 6 konfederasiyanı təmsil edən səkkiz komanda iki qrupda mübarizə aparır. “A” qrupunda ev sahibi Rusiya, Yeni Zelandiya, Portuqaliya və Meksika, “B” qrupunda isə Kamerun, Çili, Avstraliya və Almaniya milliləri yer alıblar.
Qrup mərhələsinin oyunlarına iyunun 25-də yekun vurulacaq. Yarımfinal görüşləri iyunun 28-29-da, üçüncü yer uğrunda oyun və final qarşılaşması iyulun 2-də keçiriləcək.