CƏMİYYƏT
“Könüllü DOST” proqramına daha 635 nəfər cəlb olunub
Bakı, 18 avqust, AZƏRTAC
Könüllülük hərəkatının genişlənməsində mühüm rola malik “Könüllü DOST” proqramına bu il 19 mindən çox müraciət olub və proqrama daha 635 nəfər cəlb edilib.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki DOST Agentliyinin “Könüllü DOST” proqramı "Gənc DOST", "Gümüşü DOST", “Korporativ DOST”, “İnklüziv DOST” və "Distant DOST" altproqramlarını əhatə edir.
Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, DOST könüllüləri DOST mərkəzlərində vətəndaş məmnunluğuna uyğun xidmətlərin göstərilməsi, mərkəzlərdə vətəndaşların qarşılanması, məlumatlandırılması, xidmət pəncərələrinə yönləndirilməsi, onlara e-sistemlərdən istifadədə, anket, forma doldurulmasında kömək göstərilməsi və s. işləri yerinə yetirirlər.
Ümumilikdə DOST Agentliyi və ilk DOST mərkəzinin açıldığı 2019-cu ilin may ayından bəri “Könüllü DOST” proqramına müraciət sayı 68 minə yaxın olub, proqramda iştirak edənlərin sayı isə 2400-ü ötüb.