DÜNYA
Kraliça II Elizabet və şahzadə Filipp evliliklərinin 71-ci ildönümünü qeyd edir
Bakı, 20 noyabr, AZƏRTAC
Böyük Britaniya kraliçası II Elizabet və şahzadə Filipp noyabrın 20-də evliliklərinin 71-ci ildönümünü qeyd edir.
AZƏRTAC xəbər verir ki, cütlük 71 ildir nikahda yaşayır: onlar 1947-ci il noyabrın 20-də ailə həyatı qurublar. Britaniya KİV-lərində yayılan məlumata görə, ailə cütlüyünün bu günü ikilikdə keçirəcəyi gözlənilir, heç bir dəbdəbəli bayram mərasimi planlaşdırılmayıb.
Ötən il II Elizabet və şahzadə Filipp platin toylarını qeyd etmişdilər. O vaxt nikah mərasiminin 70 illiyi münasibətilə Vindzor qəsrində 100 nəfərlik kiçik qəbul təşkil olunmuşdu. Tədbirə yalnız ailənin yaxın dostları və qohumları dəvət edilmişdi.
Cütlüyün 1997-ci ilə təsadüf edən qızıl toylarına həsr olunmuş mərasim isə Londondakı Uaytholl sarayının Banket zalında keçirilmişdi.
Onlar hələ yeniyetmə çağlarında tanış olmuşdular. Elizabet Filippi ilk dəfə Britaniya hərbi-dəniz akademiyasında olarkən görmüşdü. Hazırda kraliçanın 92, şahzadənin isə 97 yaşı var.