CƏMİYYƏT


“Kühül Dağı” adlanan ərazidə təmizlik aksiyası keçirilib

Bakı, 23 iyul, AZƏRTAC

İyulun 23-də “AzETA” Azərbaycan EkoTurizm Assosiasiyasının təşəbbüsü və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, Azərbaycan Turizm Bürosunun, “Eko Könüllülər və Turizm Könüllüləri” Təşkilatlarının dəstəyi ilə “Kühül Dağı” adlanan ərazidə təmizlik aksiyası keçirilib.

Assosiasiyadan AZƏRTAC-a bildiriblər ki, tədbirə SOCAR, “Təmiz Şəhər” ASC və Sabunçu Rayonu İcra Hakimiyyətinin fəalları da qatılıblar.

Layihənin məqsədi Kühül Dağı ərazisində müvafiq qurumların dəstəyi ilə təmizlik, abadlıq, məlumat-nişanlama, bərpa işləri apararaq, bu məkanın ekoturizm, o cümlədən alpinizm, piknik, speleo, arxeoloji, tarixi, dərketmə, macəra, haykinq kimi turizm fəaliyyətləri üçün olan potensialını tam gerçəkləşdirmək və gələcəkdə onun Bakı Turizm Klasterinə daxil edilməsi imkanlarını genişləndirməkdən ibarətdir.

Layihənin birinci mərhələsi təmizlik işlərinin aparılması və bu əraziyə ekoloji layihələrə dəstək verən şirkətlərin və qurumların diqqətini artırmaq kimi məqsədlərlə müvəffəqiyyətlə realizə edilib.

Şəhər ərazisi üçün unikal təbii landşaft və təbii abidələrin olması, qədim dövrlərdən burada insan yaşayışının yerləşmə faktı, müxtəlif tarixi dövrlərdə isə rəvayətlərə çevrilmiş hadisələrin baş verdiyi, bununla yanaşı Bakı Turizm Klasterinə daxil olan bir neçə ekskursiya obyektlərinə aparan yolun yaxınlığında olması kimi amillər bu məkana turistləri cəlb edir. İllərboyu alpinizm və dağa dırmanma kimi fəaliyyətlərlə məşğul olan insanlar bu dağı bir məşq yeri kimi də seçiblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.