CƏMİYYƏT
Kütləvi-informasiya vasitələrinin işçiləri üçün həssas kateqoriyadan olan şəxslərlə iş mövzusunda təlim keçirilib
Bakı, 16 iyun, AZƏRTAC
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyi tərəfindən bir qrup media nümayəndəsi “Həssas qrupdan olan şəxslərlə iş, onların hüquqları və məlumatlarında məxfiliyinin qorunması” təliminə cəlb olunub.
AZƏRTAC xəbər verir ki, mayın 18-dən iyunun18-dək “İnsan hüquqları aylığı” çərçivəsində təşkil olunan təlimdə iştirakçılar üç istiqamətdə - Sosial Xidmətlər Agentliyinin xidmət kontingentinə daxil olan şəxslər və onların hüquqlarının təmin edilməsi, məlumatların yayılması zamanı diqqət yetirilməli məqamlar və həssas əhali qrupları ilə işin xüsusiyyətləri üzrə aparılıb. Təlimdə müxtəlif media qurumlarından 15-ə yaxın nümayəndə iştirak edib.
Agentliyin Övladlığagötürmə departamentinin müdiri Cavid Şahmalıyev “Övladlığagötürmə prosesində uşağın mənafeyinin qorunması”, Sosial müəssisələrlə iş departamentinin müdir müavini Sara Ağayeva “Sosial xidmət müəssisələrində yaşayan insanların hüquqları” və Övladlığagötürmə departamentinin müdir müavini Məftunə İsmayılova “Repatriasiya edilmiş şəxslərlə sosial işin təşkili və məlumatların KİV tərəfindən açıqlanmasının xüsusiyyətləri” mövzularında ətraflı məlumat veriblər.
Təlimdə iştirak edən jurnalistlər Agentliyin fəaliyyət istiqamətləri ilə tanış olmaqla bərabər, sosial xidmət müəssisələri, övladlığagötürmə, himayədar ailə, repatriasiya, eləcə də xüsusi qayğıya ehtiyacı olan şəxslərlə bağlı onları maraqlandıran suallara cavab tapıblar.
Təlim iştirakçılarına sertifikatlar verilib.