SİYASƏT


Laçının işğalının ildönümü Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində qeyd edilib

Bakı, 18 may, AZƏRTAC

Mayın 18-də Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində Laçın rayonunun Ermənistan silahlı birləşmələri tərəfindən işğalının 26-cı ildönümünə həsr olunan anım tədbiri keçirilib.

Dövlət Komitəsindən AZƏRTAC-a bildiriblər ki, tədbirdə Azərbaycanın dövlət müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Laçın rayonunun Azərbaycanın füsunkar guşələrindən biri olduğunu və strateji mövqedə yerləşdiyini diqqətə çatdıran Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev ermənilərin Azərbaycan xalqının başına gətirdiyi faciələrdən danışıb. Ozamankı Azərbaycan hakimiyyətinin səriştəsiz fəaliyyətinin ölkə üçün ağır nəticələrə səbəb olduğunu bildirən Rövşən Rzayev 1992-ci ildə Laçın rayonunun müdafiəsinin lazımi səviyyədə təşkil edilmədiyini və rayonun düşmənin əlinə keçdiyini diqqətə çatdırıb.

O, Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin düşünülmüş, çevik, qətiyyətli, uzaqgörən siyasəti nəticəsində ərazi bütövlüyümüzün təmin ediləcəyinə əminliyini bildirib. Azərbaycanın Birinci vitse-prezidenti xanım Mehriban Əliyevanın qaçqın və məcburi köçkünlərin sosial vəziyyətinin yaxşılaşdırılmasını daim diqqətdə saxladığını vurğulayıb. Eyni zamanda, ölkəmizdə davamlı olaraq həyata keçirilən sosialyönümlü layihələri, qaçqın və məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması istiqamətində görülən irimiqyaslı işləri tədbir iştirakçılarının diqqətinə çatdırıb.

Laçın rayonunun ağsaqqalları Əmirxan Zeynalov, Qəzənfər Hüseynov Laçının Azərbaycan üçün tarixi, mədəni və iqtisadi baxımdan strateji əhəmiyyəti və işğalın ağır nəticələri barədə danışıblar.

Milli Məclisdə Laçın rayonunu təmsil edən millət vəkili Mahir Abbaszadə Laçının qədim və möhtəşəm mədəniyyət abidələrindən, təbiətindən, strateji əhəmiyyətindən danışıb. Prezident İlham Əliyevin 2011-ci il dekabrın 24-də 50 illik yubileyini məhz Ağcabədi rayonunun Taxtakörpü qəsəbəsində Laçından olan məcburi köçkünlərlə birlikdə keçirdiyini xatırladan millət vəkili bunun laçınlılara olan qayğının bariz nümunəsi olduğunu söyləyib.

Çıxış edən ziyalılar, Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai birliklərinin rəhbərləri, döyüşçülər Ermənistan silahlı qüvvələrinin Azərbaycanda törətdiyi vəhşiliklərdən söhbət açıblar.

Sonra Laçın haqqında “Laçınsız” filmi nümayiş olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.