REGİONLAR
Laçınlı məcburi köçkünlər ilk dəfə olaraq ipəkqurdu bəsləyirlər
Ağcabədi, 21 may, Tahir Ağaməmmədov, AZƏRTAC
Ağcabədi rayonunun Taxtakörpü ərazisində məskunlaşan laçınlı məcburi köçkünlər bu ildən baramaçılıqla məşğul olmağa başlayıblar.
Laçın rayon Kənd Təsərrüfatı İdarəsinin rəisi Sahib Quliyev AZƏRTAC-ın bölgə müxbirinə bildirib ki, baramaçılığın inkişafı regionlarda yaşayan əhalinin məşğulluğunun artırılmasına, onların sosial rifahının yüksəldilməsinə xidmət edir. Dövlətin baramaçılığın inkişafına diqqət göstərməsi, bir kiloqram baramanın qiymətinin subsidiya ilə birgə 9 manat olması rayon sakinlərinin bu sahəyə marağını artırıb. Çünki baramaçılığın inkişafı iş yerləri, əlavə qazanc və yaxşı güzəran deməkdir. Laçınlı məcburi köçkünlər də baramaçılığın inkişafı ilə bağlı təşəbbüslərə həvəslə qoşulublar. İpəkqurdunun yem bazasını təmin etmək məqsədilə Taxtakörpü ərazisində 11 min ədəd tut tingi əkilib. Bu il Qax Damazlıq İpəkçilik Stansiyasından 26 qutu (494 qram) ipəkqurdu toxumu gətirilərək baramaçılıqla məşğul olmaq istəyən ailələrə paylanılıb. Cari mövsümdə bir tondan artıq barama istehsalı nəzərdə tutulub.
Taxtakörpü ərazisində ipəkqurdu bəsləyən məcburi köçkünlərdən biri də Fingə kənd sakini Bahar Mamedovadır. O, AZƏRTAC-ın bölgə müxbiri ilə söhbətində deyib: “Baramaçılıq gəlirli sahədir. İpəkqurdunu bir ay bəsləməklə gəlir əldə etmək olur. Biz də ailəmizin rifah halını yaxşılaşdırmaq məqsədilə bu il 39 qram ipəkqurdu toxumu götürdük. Məhsulumuz yaxşı olsa, min manatadək gəlir əldə edəcəyik”.
Qeyd edək ki, Ağcabədi rayonu ərazisində məskunlaşan laçınlı məcburi köçkünlər əsasən heyvandarlıq və taxılçılıqla məşğul olurlar.