DÜNYA
Latviya beynəlxalq futbol tədbirlərinə ev sahibliyi etməyə hazır olduğunu bildirib
Riqa, 14 avqust, AZƏRTAC
Latviya Futbol Federasiyası (LFF) Beynəlxalq Futbol Federasiyaları Assosiasiyasına (FIFA) ölkədə futbol tədbirləri keçirməyə hazır olduğunu bildirib.
AZƏRTAC xəbər verir ki, Latviya Futbol Federasiyasının prezidenti Vadim Lyaşenko FIFA prezidenti Canni İnfantino ilə görüşdə Latviyada qənaətbəxş epidemioloji vəziyyətin və LFF-nin fəaliyyətinin daxili və beynəlxalq idman tədbirlərinin təşkilinə, futzal üzrə ölkə çempionatının uğurla başa çatdırılmasına, yüksək, birinci və ikinci liqalarda milli çempionatların başlanmasına, bütün sanitar normalara və tələblərə riayət etməklə gənclər və uşaqlar arasında yarışların keçirilməsinə imkan verdiyini söyləyib.
“Digər ölkələrlə müqayisədə Latviyada vəziyyət olduqca sabitdir. Bu gün açıq stadionlarda 3 minədək tamaşaçı toplaya bilərik. LFF-nin adından bu şəraitdə zərurət yaranarsa, Latviyanın rahatlıqla neytral oyunlara ev sahibliyi etməyə və ya hər hansı bir konfrans təşkil etməyə hazır olduğunu qeyd etmişəm”, – deyə V.Lyaşenko bildirib.
Asiman Əsədov
AZƏRTAC-ın xüsusi müxbiri
Riqa