REGİONLAR
Lənkəran Peşə Liseyi və Cəbrayıl rayonunun Cocuq Mərcanlı tam orta məktəbi birgə onlayn dərs keçiriblər
Lənkəran, 23 yanvar, Bağır Əliyev, AZƏRTAC
Ötən ilin sonlarından başlayaraq Lənkəran Peşə Liseyi orta ümumtəhsil məktəblərinin şagirdləri, müəllim və valideynlər arasında peşə təhsili və təliminin inkişafı, tanıdılması məqsədilə müxtəlif peşə sahələri üzrə onlayn dərslərin keçirilməsinə başlayıb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, görkəmli hərbi xadim, iki dəfə Sovet İttifaqı Qəhrəmanı, general-mayor Həzi Aslanovun 110 illiyinin qeyd edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamına müvafiq olaraq Lənkəran Peşə Liseyi növbəti onlayn dərsi Həzi Aslanovun ömür yoluna həsr edib.
İşğaldan azad olunan Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində tam orta məktəbin müəllim və şagirdləri onlayn dərs vasitəsilə general Həzi Aslanovun ev-muzeyi ilə tanış olublar. Qəhrəmanın həyat və döyüş yolu haqqında məktəblilərə məlumat verilib, canlı yayında müzakirələr aparılıb.
Onlayn dərs zamanı Azərbaycanın ərazi bütövlüyü uğrunda döyüşlərdə şəhid olanların xatirəsi yad edilib.
Qeyd edək ki, Lənkəran Peşə Liseyində general Həzi Aslanovun xatirəsinə həsr olunan növbəti onlayn dərsin və qəhrəmanın ev-muzeyi ilə onlayn tanışlığın Belarusun Vileyka şəhərinin orta və peşə məktəbi ilə keçirilməsi nəzərdə tutulub.