REGİONLAR
Lənkəranda Ümumdünya Əhali Gününə həsr olunmuş konfrans keçirilib
Lənkəran, 11 iyul, Bağır Əliyev, AZƏRTAC
İyulun 11-də Lənkəran şəhərindəki Heydər Əliyev Mərkəzində Ümumdünya Əhali Gününə həsr olunmuş konfrans keçirilib.
Konfrans Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili, BMT-nin Əhali Fondu və Lənkəran Şəhər İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə keçirilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, tədbir iştirakçıları əvvəlcə ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzərək xatirəsini yad ediblər.
Konfransda çıxış edən Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli dünya əhalisinin dil, din, yaş və cins tərkibi, əhalinin sıxlığı barədə məlumat verib. O, Azərbaycanda ailələrin sosial vəziyyətinin yaxşılaşdırılmasının daim dövlətin nəzarətində olduğunu bildirib. Qeyd olunub ki, 2011-ci ildə Azərbaycanda 176 min doğuş olmuşdusa, ötən il bu rəqəm 138 min təşkil edib. Ölkəmizdə təbii artım sabitdir, orta yaş həddi 75,7 ildir.
Ölkəmizdə əhalinin məşğulluğu istiqamətində, təhsil və səhiyyə sahəsində görülən işlərdən danışan komitə sədri cənub bölgəsinin Azərbaycanda ən çox əhalinin artımı olan bölgələrdən biri olduğunu diqqətə çatdırıb.
BMT-nin Əhali Fondunun ölkə üzrə nümayəndəsi Fərid Babayev çıxışında qadınların hüquqlarından danışaraq qeyd edib ki, 1994-cü ildə Misirin paytaxtı Qahirə şəhərində əhali və inkişaf üzrə beynəlxalq konfrans keçirilib. Həmin tədbirdə 179 hökumət razılığa gəlib ki, reproduktiv sağlamlıq dayanıqlı inkişafın əsasıdır. Bildirilib ki, ötən 25 il ərzində bu sahədə nəzərəçarpan nailiyyətlərin olmasına baxmayaraq, Qahirədə verilən vədləri yerinə yetirmək üçün gedəcəyimiz yol hələ uzundur. Qadınların bir çoxu hələ də diqqətdən kənardadır, onlar öz hüquqlarından lazımınca yararlana bilmirlər.
Konfransda çıxış edən ombudsman Elmira Süleymanova bildirib ki, hələ Azərbaycan Xalq Cümhuriyyətində insan hüquqları ilə bağlı qadınlara kişilərlə bərabər hüquqlar verilib. Ölkəmizdə sosial-iqtisadi inkişaf sahəsində qazanılan uğurlardan danışan ombudsman bu inkişafın insanların rifah halının yaxşılaşdırılmasına xidmət etdiyini bildirib.
Azərbaycanda yoxsulluğun səviyyəsinin 85 faizdən 5 faizə düşdüyünü vurğulayan E.Süleymanova ölkəmizdə aparılan islahatların müsbət nəticələrinin əhali tərəfindən razılıqla qarşılandığını diqqətə çatdırıb.
Konfransda çıxış edən Lənkəran Şəhər İcra Hakimiyyəti başçısının birinci müavini Möhübbət Babayev, Cəlilabad Rayon Təhsil Şöbəsinin müdiri Qərənfil Əhmədova, Lerik Rayon Ağsaqqallar Şurasının sədri Həmzə Vəliməmmədov, Masallı şəhərindəki Heydər Əliyev Mərkəzində fəaliyyət göstərən Qadın Resurs Mərkəzinin rəhbəri Nərgiz Muxtarova, Neftçala Rayon Mərkəzi Xəstəxanasının baş həkimi Telman Zahirov, Biləsuvar Rayon İcra Hakimiyyəti başçısının müavini Ləman Yüzbaşova, Salyan Rayon Ziyalılar Birliyinin sədri Allahverdi Piriyev, Astara Rayon Təhsil Şöbəsinin müdiri Rəşad Həsənov, Yardımlı Rayon İcra Hakimiyyəti başçısının müavini Əfsanə Məmmədova və Milli Qəhrəman Əsgər Əliyevin atası Ələkbər Əliyev ölkəmizdə, o cümlədən regionlarda sosial-iqtisadi inkişaf sahəsində görülən işlərdən danışaraq rəy və təkliflərini bildiriblər.