REGİONLAR
Lənkəranlı gənclər şəhidlərin məzarlarını ziyarət ediblər
Lənkəran, 21 may, Bağır Əliyev, AZƏRTAC
Lənkəran Şəhər Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə rayonun gənclərindən bir qrupu Vətən müharibəsində qəhrəmanlıq göstərərək şəhidlik zirvəsinə ucalmış Məmmədli Elməddin Anar oğlunun, Şıxəlizadə Emil Şahin oğlunun, Hüseynov Vüsal Yəhya oğlunun, Quliyev Samir Məhərrəm oğlunun və Məmmədzadə Qüdrət Tofiq oğlunun məzarlarını ziyarət ediblər.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, mərasim iştirakçıları şəhidlərin məzarları önünə gül dəstələri düzərək xatirələrini ehtiramla yad edib, ruhlarına dualar oxuyublar.
Mərasimdə şəhid döyüşçülərin Vətən müharibəsində göstərdikləri qəhrəmanlıqdan söz açılıb, onların Vətən qarşısında xidmətləri yüksək dəyərləndirilib.
Diqqətə çatdırılıb ki, şəhidlərimizin qəhrəmanlığı və şərəfli ömür yolu gənclərimiz üçün hər zaman örnəkdir.
Qeyd edək ki, şəhid Məmmədli Elməddin Anar oğlu 10 avqust 2000-ci il tarixində Lənkəran rayonunun Velədi kəndində anadan olub. İgid döyüşçü ölümündən sonra Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamları ilə “Vətən uğrunda”, “Qubadlının azad olunmasına görə” və “Cəbrayılın azad olunmasına görə” medalları ilə təltif edilib.
Şəhid Şıxəlizadə Emil Şahin oğlu 10 mart1998-ci il tarixində Lənkəran rayonunun Gərmətük qəsəbəsində anadan olub. O, ölümündən sonra Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamı ilə Azərbaycan Respublikasının ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarında və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyinə görə “Vətən uğrunda” medalı ilə təltif edilib.
Şəhid Hüseynov Vüsal Yəhya oğlu 10 iyun 2001-ci il tarixində Lənkəran rayonunun Velədi kəndində anadan olub. Qəhrəman döyüşçü ölümündən sonra Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamları ilə “Vətən uğrunda”, “İgidliyə görə” və “Zəngilanın azad olunmasına görə” medalları ilə təltif edilib.
Şəhid Quliyev Samir Məhərrəm oğlu 25 noyabr 2002-ci il tarixində Lənkəran rayonunun Velədi kəndində anadan olub. O, ölümündən sonra Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamları ilə “Vətən uğrunda” və “Füzulinin azad olunmasına görə” medalları ilə təltif edilib.
Şəhid Məmmədzadə Qüdrət Tofiq oğlu 10 sentyabr 2001-ci il tarixində Lənkəran rayonunun Sütəmurdov kəndində anadan olub. İgid döyüşçü ölümündən sonra Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamı ilə “Vətən uğrunda” medalı ilə təltif edilib.