İQTİSADİYYAT
Listinq Məsləhət Proqramı çərçivəsində birja üzvü olan investisiya şirkətləri görüş keçiriblər
Bakı, 14 iyun, AZƏRTAC
İyunun 14-də "Listinq Məsləhət Proqramı" (LMP) çərçivəsində (LMP) birja üzvü olan investisiya şirkətləri ilə "Atəşgah Sığorta" və "Atəşgah Həyat Sığorta" şirkətləri arasında keçirilən ilk görüşdə "Atəşgah Sığorta" qrupunun cari fəaliyyəti, maliyyə vəziyyəti və gələcək biznes planları haqqında geniş təqdimat olub, investisiya şirkətlərini maraqlandıran digər məsələlər haqqında ətraflı müzakirələr aparılıb.
Bakı Fond Birjasından AZƏRTAC-a bildiriblər ki, görüşdə "İnvest-AZ", "PSG Kapital", "Xalq Kapital", PAŞA Kapital", "Unikapital"ın nümayəndələri ilə "Atəşgah Sığorta" qrupunun heyəti arasında şirkətin kapital bazarlarından maliyyələşmə imkanları, onların dəyərləndirilməsi, optimal alətlərin seçilməsi, investorlar üçün təklifin hazırlanması və s. bu istiqamətdə atılacaq mümkün addımlarla bağlı interaktiv formada fikir mübadiləsi aparılıb.
Xatırladaq ki, "Atəşgah Sığorta" və "Atəşgah Həyat Sığorta" şirkətləri BFB-nin təşkil etdiyi Azərbaycan kapital bazarlarından maliyyələşmənin təşviqi və bu istiqamətdə şirkətlərə dəstək göstərilməsinə yönəlmiş "Listinq Məsləhət Proqramı"na qoşulub. Bu münasibətlə iyunun 5-də BFB ilə "Atəşgah Sığorta" və "Atəşgah Həyat Sığorta" şirkətlərinin "Listinq Məsləhət Proqramı"na qoşulması haqqında saziş imzalanıb.
Kapital bazarlarına çıxış imkanlarını artıran LMP-ə əsasən BFB və "Atəşgah Sığorta" arasında hazırlanmış fəaliyyət planına uyğun olaraq növbəti mərhələlər haqqında məlumatlar açıqlanacaq.