SİYASƏT
MİLLİ MƏCLİS BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNƏ DAİR İLLİK HESABATI TƏSDİQLƏMİŞDİR
Hesabat məruzəsi ilə çıxış edən ədliyyə nazirinin müavini Vilayət Zahirov bildirmişdir ki, ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə 1995-ci ildə qəbul edilmiş Azərbaycan Respublikası Konstitusiyasında yerli özünüidarə təsisatı ilə bağlı müddəalar əksini tapmış, qısa müddətdə bələdiyyələrin fəaliyyətini tənzimləyən, beynəlxalq tələblərə cavab verən mütərəqqi qanunvericilik bazası yaradılmışdır. 1999-cu ildə ilk bələdiyyə seçkiləri, 2004-cü ilin dekabrında isə növbəti seçkilər keçirilmiş, 2735 bələdiyyədən ibarət yerli özünüidarə təsisatı formalaşdırılmışdır. Qanunvericiliyə müvafiq olaraq, Ədliyyə Nazirliyi nəzdində Bələdiyyələrlə İş Mərkəzi yaradılmışdır. Ötən il mərkəz Bakıda və bölgələrdə nəzarətin mahiyyətini açıqlamaq məqsədi ilə 20-dən çox seminar keçirmişdir. Nazirliyin Hüquq Tədris Mərkəzi ilə birlikdə təşkil olunan ixtisasartırma kurslarında 150-dək bələdiyyə üzvü və bələdiyyə qulluqçusu digər mövzularla yanaşı, inzibati nəzarət məsələlərinə dair mühazirələr də dinləmişdir. 2005-ci ildə Bələdiyyələrlə İş Mərkəzinə 10 min 100 bələdiyyə aktı daxil olmuşdur ki, onların 240-ı ləğv edilmiş, 70-i dəyişdirilmiş, bəzi müraciətlərə dair məhkəmələrə iddialar verilmişdir. Qanun pozuntusuna yol vermiş 80 bələdiyyə sədri barəsində inzibati xəta haqqında protokollar tərtib edilərək məhkəmələrə göndərilmişdir. Bu sahədə meydana çıxan maneələri aradan qaldırmaq məqsədi ilə Milli Məclis Ədliyyə Nazirliyinin təklifləri əsasında Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinə dəyişikliklər etmişdir.
Milli Məclisin regional məsələlər daimi komissiyasının sədri Arif Rəhimzadə bildirmişdir ki, bələdiyyələrin fəaliyyəti ilə əlaqədar cəmiyyətdə müzakirə olunan əsas məsələ torpaq satışıdır. Bakının ətrafında böyük yaşayış məntəqələri salınmışdır. Lakin yeni yaşayış məntəqələri salınarkən kanalizasiya, su, elektrik və qaz təminatı nəzərə alınmır. Eyni zamanda, belə qəsəbələrin salınması planlaşdırılmış dövlət obyektlərinin inşasına ciddi çətinliklər yaradır. Məsələn, Bakı dairəvi yolunun inşası, Oğuz-Qəbələ ərazisindən su kəmərinin çəkilişi üçün çox vacib sayılan ərazilərdə evlər tikilmişdir.
Müzakirələr zamanı deputatlar bələdiyyələrin fəaliyyətindən danışmış, rəy və təkliflərini bildirmişlər. Hesabat səs çoxluğu ilə təsdiqlənmişdir.
Sonra insan hüquqları daimi komissiyasının sədri Rəbiyyət Aslanova “Azərbaycan Respublikası Əhalisinin Dövlət Reyestri haqqında” Qanunun layihəsini təqdim etmişdir. Bildirmişdir ki, bu qanun Dövlət Reyestrinin müasir informasiya texnologiyaları vasitəsilə formalaşdırılması, aparılması və istifadəsini, onun informasiya mühafizəsinin hüquqi və təşkilati əsaslarını müəyyənləşdirir. Üç fəsil və 14 maddədən ibarət layihədə əsas anlayışlarla yanaşı, Dövlət Reyestrinin aparılmasının məqsədi, bu sahədə qanunvericilik, Dövlət Reyestrinin tərkibi, Dövlət Reyestrindən məlumatların verilməsi qaydaları, həmin məlumatların mühafizəsi, nəzarət və digər müddəalar əksini tapmışdır.
Müzakirələrdən sonra, deputatların rəy və təklifləri nəzərə alınmaqla, layihə birinci oxunuşda əsas kimi qəbul olunmuşdur.