MƏDƏNİYYƏT
MİLYONLARLA SEVİNC BƏXŞ EDƏN SƏNƏTKAR
Azərbaycan muğam ifaçılığı sənətinin görkəmli nümayəndəsi, xalq artisti, “Şöhrət” ordenli Sara Qədimovanın anadan olmasının 80 illiyi münasibətilə mayın 31-də Dövlət Akademik Opera və Balet Teatrında yubiley gecəsi keçirilmişdir.
Teatrın foyesində Musiqi Mədəniyyəti Dövlət Muzeyinin təşkil etdiyi və Sara Qədimovanın həyat və yaradıcılığını əks etdirən sərgi açılmışdı.
Yubiley gecəsini mədəniyyət naziri Polad Bülbüloğlu açaraq, Sara xanımın əhatəli və çoxcəhətli yaradıcılığından, onun təkrarolunmaz ifaçılıq sənətinin milli mədəniyyətimizin qiymətli sərvəti olmasından danışdı.
Milli Məclisin deputatı, professor Rafael Hüseynov, xalq artisti Əlibaba Məmmədov, Qaradağ rayon icra hakimiyyətinin başçısı Yaqub Əliyev, Milli Məclisin deputatı, SSRİ xalq artisti Zeynəb Xanlarova, Bəstəkarlar İttifaqı İdarə heyətinin birinci katibi, xalq artisti, professor Vasif Adıgözəlov və başqaları gecədə çıxış etdilər. Onlar muğamlarımızın, xalq və bəstəkar mahnılarının bənzərsiz ifaçısı Sara xanımın füsünkar Qarabağ təbiətinin zənginliyi ilə köklənmiş geniş diapazonlu, şirin, məlahətli və ecazkar səsinin uzun illər milyonlarla insana sevinc bəxş etməsindən, görkəmli sənətkarın muğamın dərinliyinə, zənginliyinə nüfuz edərək onun ilkinliyini, saflığını göz bəbəyi kimi qorumasından, klassik muğam ifaçılarımızın yolunu böyük ustalıqla davam etdirməsindən, opera səhnəsində yaratdığı unudulmaz obrazların musiqi tariximizdə silinməz izlər qoymasından, bir sözlə, yaradıcılığının gənclər üçün əsl vətənpərvərlik, fədakarlıq və sənətə sədaqət nümunəsi olmasından söhbət açdılar, ustad sənətkara cansağlığı, xoşbəxtlik arzuladılar.
Gecədə Azərbaycan incəsənət ustalarının ifasında klassik muğamlardan parçalar, xalq mahnıları səsləndi, yubilyara qiymətli hədiyyələr və gül dəstələri təqdim olundu.
Axırda xalq artisti Sara Qədimova çıxış edərək, yaradıcılığına verilmiş yüksək qiymətə görə ölkəmizin Prezidenti Heydər Əliyevə, yubiley gecəsinin bütün iştirakçılarına dərin minnətdarlığını bildirdi.