MƏDƏNİYYƏT
MOSKVADAKI BƏŞİR SƏFƏROĞLU ADINA TEATRIN AÇILIŞI ƏRƏFƏSİNDƏ MƏTBUAT KONFRANSI
Azərbaycan Teatr Xadimləri İttifaqında bu münasibətlə keçirilmiş mətbuat konfransında respublikanın xalq artisti, iki dəfə laureat Afaq Bəşirqızı Moskvada ilk Azərbaycan teatrının işə başlamasına hazırlıqdan danışdı. Mövsüm “Qafqazlıların Rusiyada macəraları” tamaşası ilə açılacaqdır. Səməd Vurğun adına Azərbaycan Dövlət Rus Dram Teatrının hazırladığı və yeddi estrada miniatüründən ibarət tamaşanın mətninin müəllifi Vladimir Neverovdur.
İlk dəfə rus dilində çıxış edəcək Afaq Bəşirqızı tamaşada yeddi rolda – vaqon bələdçisi, falçı, satıcı, kafe sahibi və biznesmen rollarında və s. oynayacaqdır.
Tamaşanın quruluşçu rejissoru Azərbaycanın xalq artisti Aleksandr Şarovski, rəssamı Tahir Tahirov, musiqi tərtibatçısı Vladimir Neverovdur.
Teatrın bədii rəhbəri Afaq Bəşirqızı teatrın açılışı üçün görülmüş təşkilati işlərdən və yaradıcılıq hazırlığından ətraflı danışdı. O, tamaşanın sponsorları Rafael və Turan Mirzəyevlərə, Moskvanın meri Yuri Lujkova, Satira Teatrının müdiriyyətinə, bir sözlə, onlara kömək edənlərin hamısına xüsusi minnətdarlığını bildirdi.
Yeni teatrın yaradıcı kollektivi Moskva tamaşaçıları ilə görüşü səbirsizliklə gözləyir.